Gürcüstanda ara qarışdı: müxalifət parlamentin buraxılmasını tələb edir
21-06-2019, 07:10
Bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Bu barədə RİA “Novosti” məlumat yayıb. Bildirilir ki, məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.
Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir. Bundan sonra Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artıb. Hətta mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb ediblər. Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.
Bu arada Gürcüstan parlamentinin həyətinə cəlb olunmuş polis qüvvələrinin sayı artırılıb. Tbilisidə parlament binası qarşısında davam edən etiraz aksiyasında nöbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.
Bir qədər sonra Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib. O, etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.
G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur: “Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.
Yayılan məlumatlarda polis və iştirakçılar arasında baş verən fikizi qarşıdurma nəticəsində bir neçə şəxsin xəsarət aldığı deyilir. Parlament yaxınlığına təcili tibbi yardım maşınları cəlb olunub.
Xəsarət alanların ikisinin polis əməkdaşı olduğu bildirilir. Xüsusi təyinatlılar parlament binasına daxil olmağa cəhd edən etirazçılara qarşı dəyənəklərdən istifadə etməyə başlayıblar. Qarşıdurma zamanı xəsarət alanların dəqiq sayı hələ məlum deyil.
Teref.az