ABŞ ekspertindən Trampın Azərbaycan siyasəti ilə bağlı açıqlama
21-06-2019, 09:03
Qriqori İoffe: “Kardinal addımlar gözləməyə dəyməz”
Amerikalı publisist, Redford Universitetinin professoru, Cemystaun Fondunun (Vaşinqton) eksperti Qriqori İoffe media.az-a verdiyi müsahibədə bildirib ki, Donald Trampın Birləşmiş Ştatların başına keçməsinin səbəblərindən biri Amerika cəmiyyətinin trilyonlarla xərc və çoxsaylı insan itkiləri ilə müşayiət olunan hərbi müdaxilə siyasətindən cana gəlməsi idi. Amerikalılar həm də liberal hegemoniyadan və dünyaya demokratiya yaymaqdan usanıb: “Vaşinqtonda ”Think Tanks" adlandırılan çoxsaylı “təfəkkür fabrikləri” var. Dövlət administrasiyasında, Dövlət Departamentində vəzifə tutan analitiklər hakim komandanın dəyişilməsindən sonra həmin “təfəkkür fabriklərinə” çəkilir. Ona görə həm liberal, həm də neomühafizəkar baxışlı “müdaxilə siyasəti” tərəfdarları orada çoxluq təşkil edir və müxtəlif özəl fondlar tərəfindən maliyyələşdirilir. Onlar tədricən əvvəlki kursa qayıtmağa hazırlaşır.
Ancaq hamını ABŞ-ın dostuna çevirmək mümkün deyil, bu, artıq isbat olunub. Con Mirşaymer adlı nüfuzlu alim var, onun kitabı son bir il ərzində geniş müzakirə olundu. “Böyük vəsvəsə” adlı kitab, uzun sözün qısası, dünyada liberal nizamın qurulmasının mümkünsüzlüyündən bəhs edir. Liberalizm daxili siyasətdə keçərlidir. Ancaq xarici siyasətə gələndə, bu, məğlubiyyət bir yana, mütləq fəlakətlə nəticələnir. Hazırda Donald Tramp administrasiyasında Con Bolton kimi “şahinlər” var. Bolton ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviridir. Bu insanlar yatanda yuxularında da müharibə aparmaq barədə düşünürlər".
Amerikalı siyasi ekspert vurğulayıb ki, Trampın hakimiyyəti dövründə liberal hegemonluqdan mötədil siyasətə fundamental dönüş başladı. Bu, hazırda ABŞ administrasiyası və Dövlət Departamentinin komplektləşdirilməmiş şəkildə olması fonunda baş verir. Ona görə də postsovet məkanına olan münasibətdə konkret kursdan söhbət belə gedə bilməz: “Ancaq ümumilikdə götürəndə, Ağ Ev səviyyəsində ”demokratiyanın dünyaya yayılması" ideyasından uzaqlaşması müşahidə olunur. Tramp 2020-ci il seçkilərində qalib gəlməyə nail olsa, bu siyasət davam edəcək. Yaxın zamanda Vaşinqtondan Azərbaycanı, o cümlədən, Cənubi Qafqazın digər ölkələrini Qərbə doğru çəkməklə bağlı kardinal addımlar gözləməyə dəyməz".
Amerikalı siyasi ekspertin açıqlamalarını “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ cəmiyyətində müharibələrdən yorulmaq, demokratiya adı altında ölkənin müharibələrə cəlb olunmasından yorulma müşahidə edilir. Bu tendensiya Tramp hakimiyyətə gəlməzdən öncə başlamışdı. Trampın qələbəsində bu amil də rol oynayıb. Müharibələr ABŞ üçün böyük maddi itkilərə, insan itkilərinə yol açır. Amerika əhalisi isə artıq bunu istəmir. Lakin belə görünür ki, Tramp da konfliktlərə qatılmaq siyasi xəttinə qoşulur: “Onun ətrafında həqiqətən də müharibə tərəfdarları kifayət qədərdir. Beləliklə, Amerika xalqı Donald Trampla bağlı seçimində səhvə yol verdiyini başa düşüb. Bunu keçirilən reytinq sorğuları da göstərir. Bu gün Trampın reytinqi hakimiyyətdə olduğu müddətdə ən aşağı səviyyədədir. Bu gün Avropa İttifaqındakı əksər dövlətlərin başçıları ABŞ prezidentinə inanmır”.
Politoloq onu da dedi ki, ABŞ həmişə dünyaya demokratik dəyərlər ixrac etməsi ilə öyünüb, dünyanı ordu və silahdan çox, yaydığı demokratik dəyərlərlə təsir altına alıb. Lakin Tramp hakimiyyətə gələndən sonra Amerika dünyada demokratiya, insan haqları məsələsini kənara qoyub: “ABŞ-ın son illərdə dünyada nüfuzunu itirməsinin səbəblərindən ən ciddisi budur. Bir zamanlar ABŞ demokratiya cəbbəxanası adlandırılırdısa, indi müharibə cəbbəxanası adlandırılır. Dünyada demokratiya, insan haqları məsələlərinə Tramp tamamilə biganədir. ABŞ-ın yüksək çinli rəsmilərinin də dilindən demokratiya çağırışlarını eşitmirik, ancaq və ancaq müharibə hədələri eşidirik. ABŞ-ın bu vəziyyətə gəlib çıxması dünyada nizamın pozulmasına gətirib çıxarıb. Trampın bu prosesi durdurmaq imkanının olmadığı artıq göz önündədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”