Gürcüstan yazıçısı Tiflisdəki iğtişaşlardan danışır:“RUSİYA GÜRCÜSTANLA HƏMİŞƏLİK VİDALAŞMALIDIR” – Müsahibə
22-06-2019, 17:56

Dmitri Malışko
Apostrof (Ukrayna), 21.06.2019
Gürcüstanı küçə etirazları silkələyir. Hakimiyyətyönlü “Gürcü arzusu”na müxalif fəallar və siyasətçilər erkən seçkilər və parlamentin spikeri İrakli Kobaxidzenin, habelə DİN və dövlət təhlükəsizlik xidməti başçılarının istefasını tələb ediblər. Etirazlar Tiflisdə keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının spikeri seçilən Rusiya deputatı, kommunist Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsünə əyləşəndən sonra başlanıb. Qavrilov bu zaman rus dilində çıxış edib.
Bundan narazı gürcülər paytaxtda və böyük şəhərlərdə mitinqə toplaşıblar. Tiflisdə polis tüstülü şaşka, gözyaşardıcı qaz, rezin güllə və suvuran işlədərək etirazçıları qəddarlıqla dağıdıb. Küçə toqquşmalarında yüzlərlə adam ziyan çəkib. 21 iyunda nahardan sonra bəlli olub ki, İrakli Kobaxidze postu tərk edib.
“Apostrof” Gürcüstanın Ukrayna səfirliyinin keçmiş mətbuat attaşesi Baço Korçilava və yazıçı Oleq Panfilovdan ölkədəki durumu şərh etməyi xahiş edib.
-İndi Gürcüstanda nə deyirlər, ölkədə əhvali-ruhiyyə necədir?
B.K.: Əhvali-ruhiyyə indi radikal olub. Bu, istənilən aksiya pərən-pərən salınandan sonra həmişə belədir. Aksiyanın niyə toplandığı sualının özü Gürcüstan üçün olduqca ağrılıdır. Prinsipcə, bu, Urkraynaya aydındır. Rusiyanın Krımın ilhaqını və Rusiyanın Donbasa təcavüzünü dəstəkləyən hansısa deputatı Ali Radanın kürsüsündə əyləşsəydi, Ukrayna cəmiyyətinin reaksiyasının necə olacağını təsəvvür edirəm. Spiker kürsüsündən necəsə qəribə bir toplantı aparan cənab Qavrilov, deyildiyi kimi, 1992-ci ildə Abxaziyadakı hərbi əməliyyatlara qatılıb. Daha bir önəmli məqam var. Dünən bəlli olub ki, Rusiya və Ukrayna deputatları arasında çığır-bağır qopub (“Xalq Cəbhəsi”ndən assambleyaya qatılan deputat Viktotr Yelenski oranı tərk edib və etirazçıların qarşısında çıxış etməyə gedib – “Apostrof”). O qayıdarkən Rusiya Dövlət Dumasının deputatları onun üzərinə atılaraq RF-nin əməllərinə haqq qazandırmaqla haqq-hesab çəkməyə çalışıblar.
О.P.: Müxalif siyasətçilər axşam saat 7-də həmin meydana çıxmağa çağırırlar. Düşünürəm ki, mitinqlər yenə də bir neçə şəhərdə – Kutaisi, Batumi, Telavidə keçiriləcək. Bu gün (21 iyunda – “Apostrof”) hətta daha çox adam ola bilər. Hələlik ziyan çəkənləri sayırlar. Səhiyyə Nazirliyi məlumat verib ki, 240 nəfər yaralanıb – onların 80-i polisdir. O cümlədən gözlərinin götürülməsi lazım gələn ikisi “ağırdır”. Çünki polislər adamlara yaxından atəş açıblar.
Düşünürəm ki, hakimiyyət çağdaş Gürcüstanın tarixini pis bilir, çünki dünən baş verənlər dəhşət idi. “Human Rights Watch” artıq bəyanat verib ki, bu, dinc etirazçılara qarşı hədsiz dərəcədə güc işlətmək idi.
-Özünü bu qədər qəddar aparmaq polisin nəyinə gərək idi?
О.P.: “Gürcü arzusu”nun hakimiyyətini saxlamaq üçün – Rusiya oliqarxı Bidzina İvanişvilinin partiyasının. Kremlin ümid bəslədiyi yeganə şey budur. Bu, baş tutarsa, Moskvaya göründüyü kimi, cəmiyyətdəki əhvali-ruhiyyəyə təsir edə bilər. Amma artıq Gürcüstan əhalisini NATO-dan imtinaya vadar edə bilməz.
B.K.: Operator və jurnalsitlərə münasibətdə özəl təcavüz var idi. Belə qəddarcasına – belə təcavüzlə, sürəkli və daim gözyaşardıcı qaz və rezin güllələr işlətməklə dağıtmaq hələ olmamışdı.
Yəqin ki, paqonlular öz güclərini göstərməyə çalışırdılar. Amma, çox ehtimal ki, bu, əks effekt doğurar. Gürcüstanda hələ heç kim aksiyanı dağıtmağa və bundan sonra hakimiyyətdə qalmağa nail olmayıb.
-Moskva Ukraynada Maydan vaxtı olan ssenari üzrə hedə bilərmi: durumu son həddədək gərginləşdirmək, öz adamlarına çıxıb getmək imkanı verməmək, sonra isə rusdilliləri qorumaq qəsdilə hərbi münaqişəyə başlamaq?
B.K.: Gürcüstanda rusdilli əhali yoxdur. Orada hətta etnik ruslar da gürcücə danışırlar. Moskva ölkədəki durumdan yararlana və belə bir ssenari üzrə gedə bilər, çünki Rusiya hökumətinin fəaliyyətində, adətən, məntiq olmur. Amma bunun üçün heç bir zəmin yoxdur. Çox ehtimal ki, Kreml bunu etməyəcək. Çünki Gürcüstanın işğal edilmiş ərazisindən savayı heç bir dəstəyi yoxdur və dünənki hadisələr bunu göstərib.
О.P.: Bu, hərbi yolla mümkün deyil. NATO-nun bütün qeyri-üzv ölkələri arasında, alyansla ən yaxın münasibət, yəqin ki, bizimlədir. Bizim ABŞ-la müqaviləmiz var və hələ 10 il qabaqkı xartiyalar var. Onda deyilir ki, Gürcüstana istənilən hücum cəhdi ABŞ-a hücum kimi dəyərləndiriləcək. Ən nəhayətdə, Rusiya 11 il qabaq bunu etməyə çalışıb və ağzından vurublar. Onların yeganə şansı burada Rusiyayönlü hakimiyyəti möhkəmləndirməkdir ki, bu da artıq müşkül olur. Adamların bu gün gecə baş verənləri bağışlamadığını anlamaq üçün çağdaş Gürcüstanın tarixini yaxşı bilmək gərəkdir.
-Onda Kreml, əslində, nə istəyir?
О.P.: Rusiya heç istəməzdi ki, Gürcüstan NATO-ya inteqrasiyaya sarı irəliləsin. Ölkədə bu hadisələrlə bağlı siyasi gərginlik olacaq. Mən NATO baş katibinin reaksiyasını hələ bilmirəm, çünki Londonda ən yaxın sammitdə Gürcüstan üçün önəmli qərarlar alınmalıdır.
Rusiya baş verənlərdən dolayısı ilə məmnundur. Xüsusən də bu, tamamilə rus stilində baş verdiyinə görə – adamları hər bir bəhanəyə görə öldürmək gərəkdir. Qalanına gəlincə, bu, indi Gürcüstan əhalisindən asılıdır. O sussa, – çətin ki, mümkün olar – Moskva uduşda qalar. Çünki indiki Rusiyayönlü hökumət durumdan istifadə edər və NATO və Avropa Birliyi ilə durumdan imtina edər.
-Yazırlar ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları etirazlar zamanı özlərini xüsusən fəal aparıblar. O dəfələrlə, o cümlədən bir-iki həftə qabaq bildirib ki, Gürcüstana qayıda bilər. Saakaşvili durumdan istifadə edərək Ukraynadan əl çəkib, doğrudan da, Gürcüstana qayıda bilərmi?
B.K.: Bunların hamısı Gürcüstan hökumətinin gerçəkliklə ümumiliyi az olan tezisləridir. Bu gün parlamentdə iki müxalif partiyadan biri Mixail Saakaşvilinin keçmiş partiyası, ikincisi isə bu partiyanın qəlpəsidir. Lakin o, Ukrayna vətəndaşıdır və Ukrayna palamentinin deputatlığına irəli sürülüb.
О.P.: Sosioloji araşdırma və seçimlərə görə, əhalinin 45%-i müxalifəti dəstəkləyir. Yəqin ki, hökumət dünən onlara qarşı mübarizə aparıb. Burada məhz Saakaşvilinin hər şeyi idarə etdiyi və onun adamlarının hakimiyyəti ələ keçirmək istədiklərini söyləmək rus ritorikasıdır.
…-Etirazçılar hakimiyəti dəyişməyə nail olacaqlarmı və sonra nə olacaq?
B.K.: Baxarıq. Hər şey etirazların nə qədər kütləvi olacağından asılıdır, çox ehtimal ki, belə də olacaq. Çünki gürcüləri pərən-pərən salanda bunu heç xoşlamırlar. Onlar nə Şevardnadzeni, nə də hətta Sovet İttifaqını bağışlayıblar ( SSRİ 1989-cu ildə Tiflisdə Gürcüstanın SSRİ-dən azadlığı uğrunda mitinqi dağıdıb, 2003-də isə Gürcüstan prezidenti Eduard Şevardnadze “Qızılgül inqilabı” vaxtı polis və ordunun dəstəyindən yararlanmağa çalışıb – “Apostrof”).
О.P.: Bunu güc yolu ilə etmək lazım deyil, çünki zor üsulu inqilabdır. Bu isə həmişə siyasi sarsıntıdır və NATO-ya girmək prosesi üçün əlverişli deyil. Müxalifət buna görə də aksiyalara çıxacaq, erkən parlament seçkiləri keçirmək və sadaladığı rəhbərlərin istefasını tələb edəcək.
Dünənki hadisələrin nəticələri nəzərə alınmaqla düşünürəm ki, Rusiya Gürcüstanla həmişəlik vidalaşmalıdır. Çünki dünənki və bu günki əhvali-ruhiyyə mütləq şəkildə antirusiya əhvali-ruhiyyəsidir. Buna görə də onun bura burnunu soxması, sadəcə, lazım deyil.
Tərcümə Strateq.az-ındır.