“Hərə bir qiymət qoyur” – Fəzail Ağamalıdan etiraz
27-06-2019, 22:30
Bu gün parlamentin növbədənkənar sessiyasının iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
Teref.az xəbər verir ki, müzakirə zamanı millət vəkili, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı çıxış edərək bildirib ki, biz Allahın verdiyi neməti qiymətəndirmirik:
“Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.
Deputat Xəzərin verdiyi imkanlardan yararlanmağa çağırdı:
“Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Bu Konvensiyanın tələblərinə uyğun olaraq qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlayanın imkan varsa, özü orada yaxşı hotellər tiksin, həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq. Bu hasarlanmalar aradan qaldırılmalıdır”.
F.Ağamalı dedi ki, Xəzər sahillərini zəbt etmiş iş adamlarının həmin ərazilərdə normal fəaliyyətlə məşğul olmasını zəruri saydı. Bildirdi ki, onlar burada otellər, yaxud başqa obyektlər tikməklə həm büdcəyə əlavə vəsaitlər ödəyə, həm də iş yerləri yarada bilərlər:
“Xəzər dənizinin bir neçə kilometrlərlə sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.
Vitse-spiker Valeh Ələsgərov isə dedi ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.