Amerika Talibanla barışsa da Əfqanıstanı tərk etməyəcək
31-08-2019, 11:35

Vaşinqtonu 18 ildən sonra Talibanla barışdıran səbəblər
ABŞ Talibanla sülh müqaviləsi bağlamağa hazırlaşır. Ehtimal olunur ki, Vaşinqton və Taliban arasında sülh bu gün əldə oluna bilər və ardınca ABŞ tərəfi müqaviləni Əfqanıstan hökuməti ilə razılaşdıracaq.
Əgər bu anlaşma əldə olunsa, ABŞ hakimiyyəti Əfqanıstandakı ordu qüvvələrinin sayını 14 mindən 8600 nəfərə endirə bilər. bu barədə mətbuata ABŞ prezidenti Donald Tramp açıqlama verib. “Amerikanın Səsi”nin məlumatına görə, Tramp deyib ki, ABŞ razılıq əldə etməyə “yaxındır”, amma razılığın nəticəsi hələ ki, qeyri-müəyyəndir.
Ancaq ABŞ prezidenti sülh sazişinin əldə olunması ilə bağlı qəti danışmayıb. “Kim bilir, bu baş verə də bilər, verməyə də”, Tramp Fox News Radiosunun “The Brian Kilmeade” şousunda söyləyib. Eyni zamanda o, qoşunların nə zaman çıxarılacağını bildirməyib.
Sitat: “Biz qoşunun sayını 8600-dək endirəcəyik və daha sonrakı addımı müəyyən edəcəyik”, Tramp deyib və əlavə edib ki, ABŞ-ın Əfqanıstanda “yüksək kəşfiyyat”.
Tramp Talibanın 11 sentyabr hücumlarına görə məsuliyyət daşıyan Əl-Qaidə şəbəkəsinin üzvlərini sığınacaqla təmin edən Əfqanıstanı “Terrorun Harvard Universiteti” adlandırıb. ABŞ-ın yüksək rütbəli ordu zabiti çərşənbə günü deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılmasını müzakirə etmək hələ çox tezdir. Birgə Qərargahlar Rəisi general Cozef Danford Pentaqonda müxbirlərə deyib ki, ABŞ-ın Talibanla əldə edəcəyi hər hansı razılıq Əfqanıstanda təhlükəsizlik şərtlərinə əsaslanacaq. O bildirib ki, Əfqanıstan qüvvələri hələ ki, müttəfiq qüvvələrin yardımı olmadan ölkəni müdafiə edə bilmir.
Əfqanıstan hökuməti ABŞ nümayəndəsi Zalmay Xəlilzadın Kabildəki rəsmiləri çox yaxında Talibanla danışıqlarda əldə olunan irəliləyişlərlə bağlı məlumatlandıracağını gözləyir. Plana əsasən Xəlilzad Talibanla əldə olunan razılaşmanı Kabilə aparıb Əfqanıstan hökuməti ilə müzakirə edəcək. Bundan sonra razılaşma tərəflərin təsdiqindən sonra imzalanacaq.
USA Taliban Afghanistan ile ilgili görsel sonucu
Talibanın sözçüsü də bildirib ki, onlar yekun razılıq əldə etməyə yaxındır. Lakin Taliban hətta danışıqların davam etdiyi vaxtda belə Əfqanıstan boyu hücumlar törədir, İslam Dövləti qrupunun bir qolu isə ölkədə qrupa olan dəstəyi genişləndirir.
Qeyd edək ki, Talibanla danışıqlar bir neçə aydır davam edir və bu ilin yanvarında tərəflər anlaşmağa çox yaxın olub. Həmin vaxt “The New York Times” qəzeti anlaşmanın bəzi detallarını yaymışdı. İddia olunurdu ki, yeni anlaşmaya əsasən ABŞ tərəfindən dəstəklənən Əfqanıstan ordusu ölkənin az məskunlaşmış yerlərini tərk edərək, buraları “Taliban” hərəkatına təslim edir. Qəzet bu məlumatı Ağ Evin hərbi strategiyasını müəyyən edən adamlarla əlaqə qurmaqla əldə edib.
Həmin strategiyanın müəlliflərinin fikrincə, bu cür taktika hökumətin nəzarəti altında olan Kabil, Qəndəhar və Qunduz kimi iri şəhərləri əlində tutmağa imkan verəcək. Qəzet Donald Tramp administrasiyasının Əfqanıstanla əlaqədar keçmiş prezident Barak Obamanın siyasətini davam etdirdiyini iddia etmişdi.
USA Taliban Afghanistan ile ilgili görsel sonucu
Qeyd edək ki, Əfqanıstan 407 inzibati rayona bölünüb. Hazırda bunlardan təxminən 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 mübahisəli ərazidə şiddətli döyüşlər gedir.
Məsələ ondadır ki, 2001-ci ilin oktyabrında ABŞ ordusu 11 sentyabr hadisələrinə görə Əfqanıstana hücum edərək “Taliban” hakimiyyətini devirib. Bundan sonra yeni hökumət qurulsa da, “Taliban” dağlarda və ucqarlarda qalıb. Sonrakı illərdə “Taliban” daha da güclənərək ölkənin əsasən ucqarları daxil olmaqla, 50 faiz ərazilərini nəzarətə götürməyi bacarıb. ABŞ və müttəfiq orduların dəstəklədiyi Əfqanıstan hakimiyyəti isə əsasən iri şəhərlər və rayon mərkəzlərinə nəzarət edib.
İlk illərdə ABŞ hökuməti “Taliban”ı əsas düşmən elan etsə də, sonradan tədricən onunla danışığa müsbət yanaşıb. İlk dəfə 2010-cu ildə “Taliban” və Qərb ölkələri arasında gizli danışıqlar başlayıb. Hətta 2012-13-cü illərdə Talibanla Əfqanıstan hökuməti arasında Qətərin paytaxtı Doha şəhərində danışıqlar keçirilib. Yeri gəlmişkən, ötən həftə də Dohada Taliban və əfqan hökuməti təmsilçiləri arasında danışıqlar olub. Ehtimal ki, bu razılaşma da orada əldə olunub.
Qətər Yaxın Şərqdə digər islamçı hərəkatlar kimi, “Taliban”la da yaxın əlaqələrə malikdir. 2013-cü ildən Dohada “Taliban”ın rəsmi nümayəndəliyi açılıb. Həmin vaxt “Taliban”la rəsmi Kabil arasında danışıqlar da məhz Dohada keçirilib. Ancaq danışıqlarda əsasən atəşkəs, əsirlərin qarşılıqlı olaraq azad edilməsi və sair kimi məsələlər müzakirə olunub.
USA Taliban Afghanistan ile ilgili görsel sonucu
O da məlumdur ki, indi yalnız ABŞ deyil, eyni zamanda Rusiya və İran kimi ölkələr də Talibanla danışıqlar aparır. Bir qədər əvvəl Moskva gizli şəkildə “Taliban”la danışıqlar aparıldığı xəbərləri yayılmışdı. Bu ilin yazında Rusiya ilə Əfqanıstan arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyinə həsr olunmuş tədbirə Əfqan hökuməti ilə yanaşı Taliban nümayəndələri də qatılıb. Və bu zaman onlarla yüksək rütbəli Rusiya rəsmiləri arasında danışıqlar aparılıb. Təbii ki, bu danışıqların formal tərəfi rusiyalı diplomatların təhlükəsizliyi, əsirlər, sərhəd təhlükəsizliyi və İŞİD-ə qarşı mübarizədir. Çünki 2015-ci ildən sonra Əfqanıstanda peyda olan İŞİD “Taliban” üçün ən əsas təhdidlərdən birinə çevrilib. Ölkənin bir neçə rayonunda İŞİD və “Taliban” arasında qızğın döyüşlər gedir. Bu ilin yazında, Novruz bayramı günlərində “Taliban” və Əfqanıstan hökuməti arasında atəşkəs anlaşması əldə olunsa da, ilk dəfə “Taliban” və hökumət döyüşçülərinin birgə şənliklərini İŞİD kamikadze hücumu ilə qana boyayıb.
USA Taliban Afghanistan ile ilgili görsel sonucu
“Taliban” və Əfqan hökuməti, eləcə də ABŞ arasında danışıqlar 8 il əvvəl başlasa da, Trampın dövründə daha ciddi irəliləyiş əldə olunub. Doğrudur, 2017-ci ilin avqustunda Tramp ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını bəyan edib. Buna görə Birləşmiş Ştatlar ordunu tez bir şəkildə geri çəkməkdən vaz keçib, hərbçilərin “Taliban” döyüşçüləri ilə mübarizədə səlahiyyətlərini artırıb. Ancaq eyni zamanda danışıqlar da davam etdirilib. Və qeyd olunan razılaşma əldə olunub. Vaşinqtonun “Taliban”la belə sürətli barışmasında Əfqanıstanda xaosa son qoyulması, İŞİD təhlükəsi ilə yanaşı Çin, İran və Rusiya ABŞ-ın əsas rəqiblərinin “Taliban”la danışıqlara getməsi və hətta bəzi məlumatlara əsasən, gizli dəstək verməsi də təsir edib.
Belə anlaşılır ki, Taliban artıq Rusiya, İran, ABŞ kimi bölgənin real güc mərkəzlərinin qəbul etdiyi hərbi-siyasi qüvvədir. ABŞ isə 18 ildir davam edən mübarizənin nəticəsiz qaldığını, əksinə, davam edən qeyri-sabitliyin yeni terror təşkilatlarının meydana çıxmasına səbəb olduğunu nəzərə alaraq Talibanı bir güc kimi qəbul edib onunla hesablaşmağa çalışır. Çünki əks təqdirdə onsuz da ABŞ-ın regional rəqibləri olan İran və Rusiya bu qruplaşma ilə anlaşmağa çalışır. ABŞ isə hansısa formada Talibanla anlaşıb, Əfqanıstandakı dominant rolunu Rusiya və İrana verməməyə çalışır.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”