Boris Consonun iki ay sürməyəcək hakimiyyəti-BÖHRAN

3-09-2019, 10:23           
Boris Consonun iki ay sürməyəcək hakimiyyəti-BÖHRAN
Yeni “Brexit”, yoxsa növbədənkənar seçkilər?

Baş nazir Boris Consonun Böyük Britaniyanı Avropa Birliyindən sazişsiz çıxartmaq cəhdlərinə etiraz edən parlamentin fəaliyyətini dayandırmaq qərarı ölkədə ciddi narazılığa səbəb olub.
London, Mançester, Lids, York və Belfast da daxil olmaqla, müxtəlif şəhərlərdə küçələrdə kütləvi nümayişlər keçirilib. Londonda Uaytholl küçəsində nümayişçilər "Boris Conson, utan" şüarı səsləndirib. Etirazçılar Boris Consonun istefasını tələb edib. Baş nazirin istefası tələbi ilə təşkil olunan petisiyaya qoşulanların sayı 1 milyon nəfəri ötüb. Aksiyaların miqyasının genişlənəcəyi xəbər verilir.

Baş nazirə dəstək göstərən kiçik nümayişçi qrup da Vestminsterə gəlib.

Xatırladaq ki, cənab Conson Kraliça II Yelizavetadan Parlamentin fəaliyyətini dayandırmasını istəyib. Bu qərar millət vəkilləri və "müqaviləsiz Brexit" əleyhdarlarının qəzəbinə səbəb olub.

Bu həftə yay tətilindən qayıdan Britaniya parlamenti vəziyyətdən çıxış yolu kimi “danışıqsız Brexit””in qadağan olunması barədə qanun layihəsi qəbul edə bilər. Parlamet Boris Consonun parlamentin fəaliyyətini dayandırmaq planına qarşı mübarizə aparacaq və müxalifət eyni zamanda “danışıqsız “Brexit””in qarısını almağa çalışacaq.

Böyük Britaniyanın “danışıqsız Brexit”” üzrə naziri Maykl Qouv isə belə bir qanun layihəsi olacağı təqdirdə hökumətin onu qadağan edəcəyini təsdiqləməyib.

İcmalar Palatasında “Sazişsiz Brexit” tərəfdarlarının sayının artması həm hakim Mühafizəkarların öz daxilində, həm də digər partiyalarda Boris Consona müxalifətdə olan qüvvələrin mövqelərini möhkəmlədə bilər. Bu isə oktyabrın 31-ə qədər Avropa Birliyindən çıxmağı qarşısına məqsəd qoymuş hökumət başçısının vədlərinin siyasi iflasa uğraması deməkdir. Boric Conson Kraliçanın dəstəyi ilə parlamentin fəaliyyətinə qadağa qoyulacağına və beləliklə, “sazişsiz Brexit”I reallaşdırmaq imkanı əldə edəcəyinə ümid edirdi. Lakin ölkəni bürüyən etiraz aksiyaları baş naziri çətin duruma salıb. Aksiyaların davam etməsi Boris Consonu istefası ilə nəticələnə bilər. Əks təqdirdə, baş nazir ölkə iqtisadiyyatını riskə atmış olacaq.

Avropa Birliyi isə “Brexit”in şərtlərinə yenidən baxmaq istəmir. Boris Consonun Mühafizəkalar Partiyasındakı rəqibləri isə yeni saziş layihəsi hazırlaya biləcəklərinə və onu Avropa Birliyi ilə razılaşdıracaqlarına ümid edir. Ancaq bu məsələdə kollaps yaranıb. Boris Consonun “sazişsiz Brexit” qərarı Londonda qəbul olunmur. “Sazişsiz Brexit”in şərtləri isə Britaniya parlamentini və cəmiyyətini qane etmir. Eyni zamanda, Avropa Birliyi saziş layihəsinin şərtlərinin artıq müəyyənləşdiyini və yeni sənədin hazırlanmasına ehtiyac olmadığını bəyan edir.

Avropa Birliyindən çıxmağa dair yeni saziş layihəsinin Britaniya parlamentində yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir. Sözügedən sənədin səs çoxluğu ilə qəbul olunması ehtimalı yüksəkdir. Lakin həmin “yeni Brexit” layihəsinin Avropa Birliyi tərəfindən qəbul olunacağı sual altındadır.

Ona görə də Boris Conson etirazlar fonunda “Brexit” məsələsini yenidən referenduma çıxartmaq məcburiyyətində qala bilər. Çünki cənab Conson “sazişsiz Brexit”in tərəfdarı olmasına baxmayaraq, Şimali İrlandiya ilə İrlandiyanın sərhəddi, Avropa Birliyi ilə gömrük münasibətləri, Avropa Ticarət Evi ilə əlaqələr kimi məsələlərin həlli açıq qalır. Həmçinin, Böyük Britaniyanın Avropa Birliyindən sazişsiz çıxması bu ittifaqın üzvü olan Şotlandiyada müstəqillik tərəfdarlarının yenidən fəallaşmasına səbəb olacaq. Ona görə də çox güman ki, son mərhələdə Boris Conson yeni saziş layihəsi təklif edən parlamentarilərlə kompromis variant tapmağa çalışacaq. Əks halda, baş nazir hələ iki ay əyləşmədiyi kürsüsü ilə vidalaşa bilər.
Müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə yeni saziş layihəsinin tərəfdarı kimi çıxış etsə də onun və tərəfdarlarının bu sənədə səs verəcəyini söyləmək çətindir. Çünki Boris Consona münasibətdə yaranmış vəziyyət hazırda növbədənkənar parlament seçkiləri keçirməyi tələb edən Leyboristlər üçün çox əlverişlidir. Hökumətlə parlament arasında yaranmış siyasi böhran, hakim partiya daxilindəki fikir ayrılığı və kütləvi etiraz aksiyaları növbədənkənar seçkilərin reallaşmasını təmin edə bilər.

Müşfiq Abdulla
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru