"MTN işi"ni araşdırmaq üçün deputat-istintaq komissiyası yaradıla bilər - Açıqlama
23-11-2015, 11:37
1990-ci illərin əvvəllərində baş vermiş hər hansı xüsusi fövqəladə hadisələrin təhqiqatı, mürəkkəb motivli cinayətlərin araşdırılması üzrə hüquq-mühafizə orqanları ilə yanaşı, Ali Sovet (indiki Milli Məclis) də istintaqda iştirak edirdi. Bunun üçün Milli Məclis deputat-istintaq komissiyasını təşkil etmək səlahiyyətinə malik idi.
Məsələn, 1990-cı ilin 20 yavarında baş verən qırğın, 1991-ci ilin noyabr ayında Qarakənd səmasında helikopterin vurulması, 1993-cü ilin iyun ayında Gəncə hadisələri ilə bağlı deputat-istintaq komissiyaları yaradılmışdı.
Məlumat üçün bildirək ki, 1992-ci ilin aprel ayında “Azərbaycan Ali Sovetinin və onun Milli Şurasının deputat-istintaq komissiyalarının yaradılması haqqında” qanun qəbul olunub.
Qanunda göstərilirdi ki, bu komissiyanın qərarı əsasında prokurorlardan, müstəntiqlərdən və əməliyyat işçilərindən ibarət istintaq qrupu yaradılır.
Həmçinin komissiya ona tapşırılan məsələlərin araşdırılması üçün öz yanında da istintaq qrupu yarada bilərdi. Bir sözlə, deputatlar fövqəladə səlahiyyətlərə malik idilər.
Lakin sonradan bu məsələ gündəlikdən çıxarıldı və istintaq aparmaq yalnız müvafiq hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçdi.
Bu gün isə ölkənin ictimai-siyasi həyatı ilə bağlı Milli Məclisin deputatlarının fəaliyyəti qanunvericilik təşəbbüsü ilə çıxış etmək və bəyanatlarla məhdudlaşır. Nəzərə alaq ki, indinin özündə də elə hadisələr baş verir ki, bununla bağlı deputatların istintaq prosesinə qarışması zəruri görünür.
Məsələn, Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra ölkənin xwsusi xidmət idarəsi ətrafındakı proseslər bir sıra tərəddüdlərə yol açdı. Cərəyan edən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının demək olar ki, rəsmi açıqlama ilə çıxış etməməsi, mətbuatda çaşqınlıq yaradan informasiyaların şaxələnməsinə şərait yaradır.
Belə bir məqamda parlamentin deputatları da istintaq prosesində iştirak etmədiyinə görə mediada yayılan məlumatlar əsasında çıxış edirlər.
Bəs belə bir situasiya deputat-istintaq komissiyalarının yaradılması gündəmə gətirə bilərmi?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mövzu ilə bağlı Modern.az saytına danışıb.
F.Ağamalı bildirib ki, fövqəladə vəziyyətlərdə son dərəcə ciddi xarakter daşıyan, dövlətçilik üçün böyük əhəmiyyət kəsb edən məsələlərin şəffaf şəkildə araşdırılması, istintaqın gedişinin obyektiv aparılması üçün deputat-istintaq komissiyaları yaradılmalıdır.
O, bunun reallaşması üçün hüquqi prosedurlardan da söz açıb:
“Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra, Milli Məclisin fəaliyyəti ilə bağlı, həmçinin digər qanunvericilik aktlarında deputat-istintaq komissiyalarının yaradılması nəzərə alınmayıb.
Hesab edirəm ki, alternativ bir struktur kimi belə bir komissiyasının yaradılması yaxşı olardı. Bunun üçün “Milli Məclisin statusu” haqqında qanunda dəyişiklik edilməlidir”.
Deputat qeyd edib ki, son vaxtlar hökumət üzərində Milli Məclisin nəzarətinin artırılması ilə bağlı cəmiyyətdə, mətbuatda fikirlərin səslənməsi sözügedən komissiyaların yaradılmasını da gündəmə gətirir.
“İcra strukturları və digər dövlət orqanlarında baş verən qanun pozuntuları ilə bağlı bir sıra müzakirələr açılıb. Gələcəkdə bu və ya buna bənzər əlavələrin, dəyişiklərin, qanunvericilik aktlarında öz əksini tapacağını istisna etmirəm. Yəni, deputat-istintaq komissiyalarının yaradılması gələcəkdə gündəmə gələ bilər”.