Xaricdəki soydaşlarımızdan çağırış: “Bizə yox, ölkədəki imkansızlara yardım edin”
17-12-2019, 16:13

Diasporla İş üzrə Dövlət Komitəsinin sosial yardım və “soydaş vəsiqəsi” təklifi, xaricdə yaşayan həmvətənlərimiz tərəfindən “isti” qarşılanmır
Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılara sosial yardım etməyi düşünür. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov əməkdaşımızla söhbətində bildirmişdi ki, xaricədə yaşayan soydaşlara yardım göstərilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamından sonra qanunda dəyişiklik edilib və bundan irəli gələrək yeni qaydalar hazırlanıb. Həmin qaydalarda kimlərə, necə, hansı halda maddi dəstəyin verilməsi nəzərdə tutulur.
Bundan başqa, "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib. Bu anlayış xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq. Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki Respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək.
“Dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, “soydaş vəsiqəsi” olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Onlara başqa imtiyazlar da veriləcək”, - deyə Ş.Camalov vurğulamışdı.
Sözügedən yeniliklər xaricdəki soydaşlarımızı nə dərəcədə məmnun edir. Onlar dövlətin yardımı və “soydaş vəsiqəsi” üçün müraciət etməyi düşünürlərmi? AYNA bu digər sualları, xaricdə yaşayan bəzi soydaşlarımıza ümvanlayıb.
Almaniyada yaşayan həmyerlimiz Nəzakət Zeynallının fikrincə, bu məsələdə məqsəd “özünüzü yaxşı aparın”dır: “Yəni “özünü yaxşı aparan” xaricdəki soydaşlarımıza ikinci pasport əvəzi veriləcək. Azərbaycan ikili vətəndaşlığı qəbul etmir. Maraqlıdır, hansı ölkədəki soydaşlara vəsiqə veriləcək. Misal üçün, Rusiyada çörək, qazanc dalınca gedənlərə də veriləcəkmi? Onlara yardım olunursa, elə öz ölkəsində olunsun da”.
“Hesab edirəm ki, Komitənin bu yeni təklifləri ölkədən pul çıxarılması və vəsaitin “yeyilməsi” üçün əlavə vasitədir. Narahat olmasınlar, xaricdə olanlar sosial yardım alırlar, üstəlik qazandıqlarından Azərbaycandakı yaxınlarına da göndərirlər. Komitə əvvəlcə xaricdəki səfirliklərin fəaliyyətinə göz gəzdirsin, bu barədə həmin ölkədəki azərbaycanlıların fikrini alsın. Mənim əmim oğlu Rusiyada itdi, onda bildim ki, Rusiyadakı səfirliyimiz necə bir bataqlıqdır. Bir də tutaq ki, sosial yardım üçün müraciət edirəm, bəs mənim Almaniyadakı gəlirimi necə müəyyən edəcəklər? Almaniya hökuməti məlumat verən deyil”, - Zeynallı bildirib.
Almaniyada yaşayan başqa bir soydaşımız Tünzalə Rafiqqızı da yeniliklərə “isti" yanaşmır: “Həmin Komitənin fəaliyyətini Vətənimdə hiss etmirdim, amma Almaniyaya gələndən sonra daha yaxşı hiss edirəm - Komitənin fəaliyyəti 0 səviyyəsindədir. Azərbaycanın xaricdəki səfirliklərinin işi isə deyiləsi deyil. Ən əvvəl burada 10 il yaşayan azərbaycanlılar var ki, hələ də övladına şxsiyyət vəsiqəsi ala bilmirlər. Burada yüzlərlə insanımız var ki, yetkinlik yaşına çatsa da, bunu təsdiq etdirə bilmir. Soydaşlarımız qanuni sənədlərini əldə edə bilmirlərsə, hansı soydaş vəsiqəsindən söhbət gedə bilər?!”
“Azərbaycanda yaşayan vətəndaşlar doğru-düzgün sosial yardım ala bilmirlər. Çox adam keyfindən buralara gəlməyib, miqrant kimi gəlib, hələ də zülm içindədirlər. Məsələnin kökü sosial yardım almaq, bir-iki yardımla kampaniya yaradıb “şirinlik” etmək lazım deyil. Özüm də tezliklə, 2 ildir yaşadığım Almaniyada azərbaycanlıların problemlərini əks etdirən araşdırma və təkliflərimi Komitəyə göndərəcəyəm”, - Rafiqqızı vurğulayıb.