“Rusiya "İsgəndər" məsələsində güclü siyasi manevr edib”

19-12-2019, 11:00           
“Rusiya "İsgəndər" məsələsində güclü siyasi manevr edib”
Rusiyanın istehsal etdiyi yeni nəsil zenit-raket kompleksi olan “İsgəndər” sistemləri hələ ki ixrac edilməyib. Bu sistemlərin ixrac variantı təzəcə hazırlanıb. “Yeni Müsavat” yada salır ki, “Rossiya” telekanalının “Vesti” proqramında hərbi-texniki əməkdaşlıqla bağlı komissiyanın iclasına həsr olunmuş reportaj zamanı belə fikir səslənib. Yəni belə qənaət hasil olur ki, hələlik bu sistemlər heç kimə satılmayıb.

Demək, erməni tərəfinin bəh-bəhlə bəyan etdiyi və Azərbaycan qarşı “əvəzolunmaz silah” kimi təqdim etdiyi “İsgəndər”lər 2016-cı ilin sentyabrında İrəvanda Ermənistanın müstəqillik günü münasibətilə keçirilən hərbi parad zamanı da meydandan keçməyib.

“İsgəndər” kimi təqdim edilən sistemlər isə adi komplekslər olub. Erməni generalları Azərbaycanı müntəzəm şəkildə həmin sistemlər vasitəsilə Bakının neft platformalarını belə, vura biləcəkləri ilə hədələyiblər. Belə görünür ki, bu bəyanatlar da, “İsgəndər” sistemləri alması da blef imiş.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, V çağırış üzrə Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu zenit-raket kompleksi Ermənistanda var.

Onun sözlərinə görə, sadəcə, bu sistemlər Rusiya hərbi qüvvələrinin nəzarətindədir: “Rusiya Ermənistan hərbi qüvvələrini öz hərbi gücünün tərkib hissəsi kimi görür və erməni sərhədlərini müdafiə edilir. Bunu Duma da təsdiqləyib. Ona görə də ixrac etmədiklərini söyləməklə bunu demək istəyiblər. Ermənistan həmişə Azərbaycanı təhdid edir və Rusiyaya, İrana güvənir”.

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, “İsgəndər” raketləri Ermənistanda Gümrüdəki 102-ci briqadaya verilib. Onun fikrincə, Rusiya bu məsələdə güclü siyasi manevr edib.

“Belə ki, raketləri bu briqadanın arsenalına göndərir və istifadəsini Ermənistana həvalə edir. Bununla bağlı ortamənzilli raketlərin başqa ölkələrə göndərilməsi gündəmə gələrkən Kreml bəyan edir ki, onlar heç kimə satılmayıb. Bu, bir manipulyasiyadır. Çünki eyni vəziyyət Suriyada da mövcuddur. Orada ”S 400" raketləri ilə yanaşı “İsgəndər” sistemləri də növbə çəkir. Rusiya orada hərbi baza yaratmaq istəyinə söykənərək bu silah komplekslərinin Suriyaya aid olmadığını bildirirlər", - deyə Q.Hüseynli şərh etdi.

Ekspert bildirdi ki, bəzi müşahidəçilər Şimali Koreyada da oxşar metoddan istifadə olunduğunu hesab edirlər: “Bu raketlər 500 kilometr məsafəni dəqiqliklə vura bilir və təhlükəli silahlardır. İri şəhərlər və strateji obyektlər üçün qorxulu silah növü hesab edilir. Amma Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sistemləri və Belarusdan alınan raketlər sistemi həmin ”İsgəndər" raketlərini zərərsizləşdirmək iqtidarındadır. Bu baxımdan Ermənistan nə qədər təhdid etsə belə, Azərbaycanın hansı hərbi potensiala malik olduğunu yaxşı anlayır".

Qeyd edək ki, “İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

“İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir.

“İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur.

Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Xatırladaq ki, 2016-cı il sentyabrın 21-də Ermənistan hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirmişdi. Lakin sonradan məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib.

102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı. 2017-ci ilin iyulunda isə “RİA Novosti”yə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycanın Ermənistanda yerləşən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malik olduğunu açıqladı.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim ”İsgəndər" raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq"-deyə, o vurğulayıb.
“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru