Partiyaların seçki siyahısı: - Neçə namizəd qeydə alınıb?
9-01-2020, 17:17

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə cəmiyyətdə maraq böyükdür.
Bunu namizədlərin sayında da görmək mümkündür. Qeyd edək ki, 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.
Müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb. 874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.
Seçki prosesinə qoşulan siyasi partiyalarda hazırlıq prosesi nə yerdədir? Partiyalardan namizədliyi qeydə alınan neçə nəfər var? Neçə nəfər namizədin qeydiyyatında imtina olunub?
Məlumdur ki, seçkilərdə gözlənildiyi kimi ən çox namizədlə hakim Yeni Azərbaycan Partiyası (YAP) iştirak edir.
Qeyd edək ki, YAP seçkiyə 125 dairə üzrə 123 namizədlə gedir. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd dairə seçki komissiyalarında rəsmi qeydiyyata alınıb. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb. Bu haqda məlumatı Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov öz rəsmi “Facebook” səhifəsində paylaşıb.
Bəs digər partiyalarda vəziyyət nə yerdədir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında hələlik 2 namizədlərinin qeydiyyata alındığını deyib:
“Biz seçkilərdə partiya kimi iştirak etmirik. Çünki partiyamız dövlət qeydiyyatına alınmayıb. Seçkilərdə 4 namizədimiz var. Onlardan ikisinin: AXCP sədri Razi Nurullayevin və sədr müavini Ehtiram Mehtiyevin namizədliyi artıq qeydə alınıb. Digər sədr müavinləri Məhəmməd Əsədullazadə və Vüqar Dadaşovun isə namizədlikləri hələ ki, qeydə alınmayıb”.
ReAl Partiyasının katibi Natiq Cəfərli isə namizədlərindən hələlik imtina cavabı alanın olmadığını deyib:
“12 nəfərin namizədliyi artıq qeydə alınıb. Bu gün daha azı bir o qədər namizədlə bağlı da qərar çıxacağı gözlənilir”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə hələlik yalnız bir namizədlərinin qeydə alındığını deyib:
“Ağ Partiyadan 4 nəfər artıq imza vərəqələrini təhvil verib. 10-dan artıq namizəd də bu iki gündə təhvil verəcək. 6 saylı Culfa-Babək Seçki Dairəsi üzrə namizədimiz qeydə alınıb. Digərlərinin cavablarını da yaxın günlərdə gözləyirik. Bu günə qədər namizdəliyin qeydə alınmasından imtina edilən olmayıb. Ağ Partiyadan olan namizədlər imza toplama mərhələsində bütün qanuni prosedurlara tam əməl ediblər”.
Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə proses yekunlaşmadığı üçün hələlik dəqiq say deyə bilməyəcəyini bildirib:
“Namizədlərimizin bəziləri imzatoplama kampaniyası aparır. Qeydə alınan, sənədlərini təhvil verən və imtina alan namizələrimiz də var. İmtina alan namizədlərimizlə bağlı artıq MSK-ya müraciət etmişik. Hesab edirik ki, bu qərəzli yanaşmadır. Bütün sənədlər tam olaraq təhvil veriləndən sonra qeydə alınan və alınmayan namizədlərin sayını dəqiq olaraq deyə bilərik”.
Müsavat başqanının müavini Razim Əmiraslanlı bu günə qədər partiyadan 4 namizədin qeydə alındığını deyib:
“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində 80-dən çox namizədlə gedir. Namizədimizin qeydə alınmasından imtina halı yoxdur. Hələlik 4 namizədimiz qeydə alınıb. 50-dən çox namizədimiz üçün qeydiyyat üçün zəruri olan bütün sənədləri dairə seçki komissiyalarına təhvil verib. Tezliklə bu proses bitəcək və namizədlərlə bağlı yekun qərar veriləcək”.
Azərbaycam Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə yalnız 1 namizədin qeydə alındığını deyib:
“Hələlik təkcə mənim namizədliyim qeydə alınıb. Digər namizədlərimizdən imza vərəqələrini təhvil verənlər var. Onlarla bağlı veriləcək qərarı gözləyirik. Amma namizədliyini geri çəkənlərimiz də oldu. Təəssüf ki, onlar yerlərdə yaxınlarına və özlərinə qarşı olunan təzyiqlərə görə namizəd olmaqdan imtina etdi”.