Qarabağda “seçkiləri” pozmaq üçün fürsət - GƏLİŞMƏ

30-03-2020, 17:00           
Qarabağda “seçkiləri” pozmaq üçün fürsət - GƏLİŞMƏ
Ermənilər işğal etdikləri Azərbaycan ərazisində - Dağlıq Qarabağda martın 31-də “prezident” və “parlament” “seçkiləri” keçirəcəklər. Azəbaycanlıların soyqırımı gününə təyin etdikləri “seçki” oyununu keçirməyə işğalçılar sanki tələsirlər. Hətta dünyanı silkələyən koronavirus təhlükəsini belə, nəzərə almayan düşmən tərəfin oyununu pozmaq üçün Azərbaycanda müxtəlif təkliflər səslənir.

Məsələn, keçmiş deputat Əlövsət Ağalarov özünün Facebook səhifəsində yazıb ki, işğalçıya dərs vermək və torpaqlarımızı azad etmək üçün unikal imkan yaranıb və Azərbaycan bu imkandan yararlansa yaxşı olar: “Düz 27 il bundan əvvəl Kəlbəcər uğrunda necə mübarizə aparırdıqsa, bu günlər də həyat uğrunda elə mübarizə aparırıq. Onda torpağı qoruyarkən şəhid olmaq şərəf sayılırdı, indi isə sətəlcəmdən ölmək böyük ayıb hesab olunur. Bəlkə bütün imkanlarımızı, gücümüzü, birliyimizi bərpa edib 27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq? İnanın, tam səmimiyyətimlə deyirəm: bir işarə bəsdir ki, bütün millət koronovorusa-sətəlcəmə baxmayaraq birləşib torpaqlarımızı azad etsin! İndi Allah bəlkə də bəşəriyyətə verdiyi bəla ilə bərabər bizə böyük şans verib. Bütün dünya dövlətlərinin başı bu bəladan necə qurtarmağa qarışıb. ATƏT də, BMT də, həmsədrlər də yaxına belə gələ bilməyəcəklər. Əla fürsətdir. Onsuz da ölüm adlı kabus Çin virusu (söz gəzir ki, amerikan laboratoriyalarında hazırlanıb - babalı deyənlərin boynuna) adı altında canımızı almağa girişib. Ölüm-ölümdü, gəlin sətəlcəmdən yazıq-yazıq yorğan-döşəkdə ölməyi yox, mərdi-mərdanə döyüş meydanlarında savaşıb ya şəhid olaq, ya da qalib! Ondan sonra Qələbə adlı immunitet hamımızı bu, bəşəriyyətin düşməni koronavirusdan qoruyacaq! Hamımız ordumuzla birlikdə döyüşə və Qələbəyə hazır olaq!”

Politoloq Qabil Hüseynli isə musavat.com-a açıqlamasında bildirdi ki, işğalçı ermənilər tələsirlər: “Sanki Azərbaycan tərəfindən nəyinsə gözlənildiyindən ehtiyatlanaraq “seçki” proseslərini sürətləndirmək istəyirlər. Beynəlxalq erməni diasporasının da bu məsələdə onlara təlqinləri var. Onlar guya öz aləmlərində əzmkarlıq nümayiş etdirmək istəyirlər və göstərməyə çalışırlar ki, heç bir virus təhlükəsi onları yollarından, planlarından döndərə bilməz və sona qədər getməyə hazırdırlar. Lakin ermənilər bu addımları ilə Azərbaycan qanunlarını, beynəlxalq konvensiyaları pozmaqla yanaşı, dünyada özlərinə əlavə mənfi imic, hiddət yaradacaqlar. Bütün dünyada seçkilərin, böyük idman və mədəniyyət tədbirlərinin təxirə salındığı bir məqamda ermənilərin “seçki” keçirməsi mədəni, sivil dünyanın atdığı addımların da ziddinə getməsi deməkdir. Dünyada belə də qəbul olunacaq və ermənilərin zərərinə işləyəcək. Dünyanı korionavirus bəlası sardığı vaxtda ermənilər “seçkilər” keçirmək istəyirlərsə, onda bu “seçkilər”in necə keçəcəyini təxmin etmək olar. Bu “seçki”ni onsuz da dünyada heç kim tanımır və tanıyası deyil. Orada seçki oyunu olacağını söyləmək daha dəqiq olardı”.

Azərbaycanın fürsətdən istifadə edib müharibəyə başlaması barədə təkliflərə gəlincə, Qabil Hüseynli qeyd etdi ki, o da müharibə başlamaq üçün əlverişli şərait yarandığı fikri ilə razıdır: “Əhali arasında da bu fikir poulyardır. Ancaq məsələnin bu tərəfi də var ki, Azərbaycanın da başı hazırda xalqı koronoviurs bəlasından xilas etmək uğrunda mübarizəyə qarışıb. Azərbaycan öz işğal edilmiş ərazisində qeyri-qanuni “seçkiləri” əldə əsas tutaraq ölkə ərazsində qanunsuz “seçkilər”in qarşısını almaq məqsədilə hərbi əməliyyatlar keçirə bilər. Bizim belə bir hüququmuz var. Amma nəzərə alaq ki, koronavirusla mübarizəni biz də aparırıq və belə bir vəziyyətdə müharibə çox böyük risklər yarada bilər. Bu məqamı unutmaq olmaz. Üstəlik BMT baş katibinin, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların koronoviursa görə dünyadakı münaqişə ocaqlarında hərbi əməliyyatların dayandırılmasının vacibliyi ilə bağlı müraciəti var. Biz bunu da gözardı edə bilmərik. Beləliklə, yüz ölçüb bir biçmək lazımdır".
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru