Prezident İlham Əliyev Davosda İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
21-01-2016, 09:41
zərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olundu.
Məhəmməd Nəhavəndian İran Prezidenti Həsən Ruhaninin salamını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparıldı. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulandı.
Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan Məhəmməd Nəhavəndian bildirdi ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirildi. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edildi. Terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev İran dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamının Prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş etdi.