Ərəb ölkələrindəki erməni lobbisi Azərbaycanın təklif etdiyi Xocalı qətnaməsinin qəbuluna qarşı çıxıb
27-01-2016, 02:27
Ərəb ölkələrindəki erməni lobbisi Azərbaycanın təklif etdiyi Xocalı qətnaməsinin qəbuluna qarşı çıxıb
Ötən həftə sonu İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransı baş tutub. Konfransın sonunda ənənəvi olaraq qətnamə qəbulu zamanı Xocalı soyqırımı ilə bağlı sənəd qəbul olunub. “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” başlıqlı və iki qurum arasında Xocalı soyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib.
İKGF Media Mərkəzinin yaydığı məlumata əsasən 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir; Xocalı faciəsi “soyqırım aktı” və “insanlığa qarşı cinayət” kimi tanımlanır. Qətnamədə həmçinin soyqırımı törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa da öz əksini tapıb.
Konfransın işində iştirak edən İKGF heyətinin rəhbəri, təşkilatın sədri Elşad İskəndərov mətbuata verdiyi açıqlamada sənədin İƏT üzv ölkələrdə Xocalı soyqırımının tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib
Sitat: “Qətnaməni qəbul edən İƏT Pİ, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına yüksək qiymət verməklə, beynəlxalq sülh və ədalətin bərqərar olmasına ciddi töhfə vermiş, gələn il 25-ci ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımının dünyanın vicdanından silinməyəcəyini bir daha vurğulamış oldu. Eyni zamanda ötən il İƏT Pİ ilə İKGF arasında imzalanmış əməkdaşlıq protokolunu nəzərə alaraq, bu ilki qətnamədə Xocalı soyqırımının səbəbkarlarının cəzalandırılması haqqında yer almış bənd dünya ictimaiyyətinə saxta “erməni soyqırımını” sırımaq istəyən erməni lobbisinə də vurulan ciddi zərbədir”.
Lakin diplomatik mənbələrdən əldə etdiyimiz bilgilərə görə, Bağdadda sözügedən sənədin qəbulu ciddi müzakirələrə səbəb olub, bəzi ərəb ölkələri nümayəndələrinin etirazı ilə qarşılaşıb. Xüsusən də sənədin mətnində “cinayətkarların məsuliyyətə cəlb edilməsi” haqqında çağırış kimi sərt diplomatik dilin istifadə edilməsinə maneə cəhdləri olub. Əldə etdiyimiz məlumata görə, erməni lobbisi, güclü olduğu bir sıra ərəb ölkələrinin parlamentlərindəki bağlantıları vasitəsilə sənədin qəbul edilməsinə mane olmağa çalışıblar.
Belə ki, tədbirin Bağdadda keçirilməsindən və bu baxımdan son zamanlar İraqla Türkiyə arasında gərginlikdən istifadə edən erməni lobbisi, sənədin qəbul edilməsinin Türkiyənin lehinə olacağı bəhanəsi ilə onu müxtəlif yollarla əngəlləməyə çalışıb. Əldə etdiyimiz məlumata görə, tədbirdə Türkiyə parlamenti spiker səviyyəsində təmsil olunub və qərarın məhz son anda qəbul olunması bu faktorun mövcudluğunu dolayı yolla sübut edir.
Əldə etdiyimiz məlumata əsasən, məhz bu səbəbdən qətnamənin qəbul edilməsi üçün Bağdada İKGF-nin geniş tərkibli nümayəndə heyəti də ezam edilib. İKGF-nin facebook səhifəsində sənədin qəbul edilməsi ilə bağlı yayımlanan məlumatda qurum adından Pİ Baş Katibi, əslən Türkiyəli olan Mahmut Erol Kilica, Azərbaycan XIN-ə, Milli Məclisin İƏT Pİ-dəkı nümayəndəsi Gövhər Baxşəliyeva ilə parlamentin Gənclər Komitəsinin sədri Fuad Muradova ayrıca təşəkkürün bildirilməsi də onu göstərir ki, Azərbaycan üçün olduqca vacib olan bu qərarın qəbulunda Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlardakı diplomatlarının sıx işbirliyi, həmçinin hər iki qardaş ölkə parlamentinin imkanlarının mobilizə edilməsi həlledici rol oynayıb.