Eldar Əzizov da tabeçiliyindəki məmurlara xəbərdarlıq etdi – "İnsanlara yuxarıdan baxmaq olmaz"
27-01-2016, 12:20
teref.az - Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, qəsəbədəki təhsil, səhiyyə və digər müəssisələrin rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilmişdir. Sakinlərlə görüş formatında təşkil olunmuş yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 2015-ci ildə qəsəbədə yeni İdman Kompleksinin tikintisi başa çatmış, hazırda Bakı Media Mərkəzinin, yeni Otel binasının, 3 ədəd yeni su anbarlarının tikintisi davam edir. Ötən iln sonunda qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı təməlqoyma mərasimi keçirilmiş, Badamdar şossesində 2,2 km məsafədə yolun genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər başa çatdırılmış, qəsəbə sakinlərinin elektrik enerjisi, qaz və içməli su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülmüşdür.
teref.az xəbər verir ki, İcra nümayəndəsinin hesabatından sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, qəsəbədə xəstəxana binasının tikintisinin yarımçıq qalması, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti, nəqliyyatla yaranmış problemlər, “AzərSu” ASC tərəfindən qəsəbədə görülən işlərin ləng aparılması, qəsəbə nümayəndəliyi, bələdiyyənin, 144 saylı MİS-in işindəki nöqsanlar barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün komissiya yaradılmış, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
20-dən çox çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmişdir.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat vermişdir. Eldar Əzizov ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmış, Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildirmişdir ki, RİH tərəfindən qəsəbədə T.Məmmədov küçəsindəki həyətdə «Nümunəvi məhəllə» yaradılmasına başlanmışdır. Qəsəbədə su və kanalizasiya şəbəkəsini yenidənqurulması aparılır, bu da sakinlərin daimi su ilə təmin olunmasına imkan verəcəkdir.
Eldar Əzizov çıxışında qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar vermiş, qeyd etmişdir ki, «…insanlara yuxarıdan baxmaq olmaz. Hər bir vəzifəli şəxs vətəndaşların müraciətinə həssas yanaşmalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi müraciətlərə biganə qalmamaq, onun həlli üçün səylərini əsirgəməməkdir. Bunu bizdən vəzifə borcumuz tələb edir. Bunu cənab Prezident tələb edir. Buna görədə də bütün imkanlar səfərbər olunmalıdır».