Gürcü baş nazirin müavininin qəfil Bakı səfərinin pərdəarxası

5-02-2016, 09:36           
Gürcü baş nazirin müavininin qəfil Bakı səfərinin pərdəarxası
Bölgə və onun ətrafında təhlükəli vəziyyət iki strateji tərəfdaşı daha sinxron siyasət yürütmək zorunda qoyur
Dünən Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze qəfildən Bakıya işgüzar səfər edib. Bu barədə məlumat yayan nazirliyin mətbuat xidmətinə görə, səfər çərçivəsində o, SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşməli, “cari problemlər və əlaqələrin perspektivi müzakirə olunmalı” idi.

Yada salaq ki, az öncə Rövnəq Abdullayev Tiflisdə olmuş, burada Gürcüstan hökumətinin rəsmiləri ilə danışıqlar aparmışdı. Lakin yayılan informasiyalara görə, tərəflər anlaşma əldə edə bilməmişdilər. Söhbət “Qazprom”la müəmmalı qaz danışıqları fonunda və Tiflisin öz qaz mənbələrini şaxələndirməsi və guya Azərbaycanın qaz təchizatının yetərli olmaması kontekstində ölkəmizin qonşu dövlətin enerji bazarında sıxışdırılması cəhdlərindən gedir.

Bir daha yada salaq ki, Gürcüstanın əsas təbii qaz təchizatçısı Azərbaycandır. Bundan əlavə, qonşu ölkə Rusiyadan işğalçı Ermənistana gedən qaz kəməri üçün tranzit haqqı olaraq bu qazın 12% həcmində mavi yanacaq alır. Ölkə 2007-ci ildən Rusiya qazı almır. Energetika nazirinin sözlərinə görə, “Gürcüstan qaz çatışmazlığı hiss edir, əsas strateji tərəfdaşımız olan Azərbaycan isə texniki cəhətdən gürcü tərəfinə daha çox qaz vermək imkanında deyil”.

***

Qeyd edək ki, Tiflis hökuməti bu “defisiti” neçə vaxtdır Rusiya və İran mənbələri hesabına (Ermənistan vasitəsilə) aradan qaldırmağa çalışdığını deyir, eyni zamanda guya Bakı qazı daha baha satdığı, üçün bu variantlara getdiyini bəyan edir. Ancaq, hər iki istiqamət bəlli olduğu kimi faktiki olaraq, Rusiyanın nəzarətindədir. Rusiya tərəfi ilə - “Qazprom”la gedən danışıqlar isə hələ ki, bir nəticə vermir. Bunun siyasi səbəbləri olduğu da söylənilir. Hər halda, Gürcüstan müxalifəti və toplumu da Rusiyadan qaz asılılığına qarşıdır.

Bəzi analitiklərə görə, Tiflisin bütün bu qaz oyunlarının əsas hədəfi Azərbaycanın satdığı təbii qazın qiymətinin aşağı salınmasına nail olmaqdır. Çünki SOCAR Gürcüstana qaz təchizatının artırılmasında problem görmədiyini bildirib. Kaladzenin qəfil Bakı səfəri mümkündür ki, həm də bu yöndə yekun anlaşma ilə bağlı olsun.

Bir şey dəqiqdir ki, bölgə və onun ətrafında yaranmış olduqca həssas və təhlükəli situasiya iki strateji tərəfdaş ölkəni daha sinxron və ağıllı siyasət yürütmək zorunda qoyur. Azərbaycan prezidenti İlham Əliyevin qarşıdakı Gürcüstan səfəri bu xüsusda müttəfiqliyin yeni nümayişi ola bilər. Yeri gəlmişkən, gürcü nazirin Bakıya gəlişi bu səfərin detalları ilə də ilgili ola bilərdi...
***

Bölgədəki həssaslığın daha bir göstəricisi isə iki gün öncə Gürcüstan-Ermənistan sərhədinin möhkəmləndirilməsi üçün Tiflislə Vaşinqton arasında imzalanan müqavilə sayıla bilər. Yaxşı ki, qarşı tərəfdə də Azərbaycanın gürcü dövləti üçün strateji dəyərini anlayan və ona önəm verənlər az deyil.

“Bu gün bəzi qüvvələr qaz məsələsindən məqsədyönlü şəkildə istifadə edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə xələl gətirməyə çalışırlar. Biz buna yol verməməliyik”. Bu fikri Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin sədri Tamaz Meçiauri deyib (Report).

Onun sözlərinə görə, Gürcüstanın təbii qaza və elektrik enerjisinə olan tələbatı günbəgün artır və bu üzdən Azərbaycandan alınan mavi yanacaq və Rusiyadan Ermənistana nəql olunan qaza görə kompensasiya şəklində alınan qaz azlıq təşkil edir: “Buna görə də Gürcüstan hökuməti ölkənin təbii qaza olan tələbatını tam ödəmək üçün müxtəlif yollar axtarır, bəzi ölkələr, o cümlədən Rusiyanın ”Qazprom" şirkəti ilə danışıqlar aparır. Rusiya bizə qazın nəqlinə görə kompensasiyanı nağd pul şəklində vermək istəyir, Gürcüstan isə əksinə, pulun əvəzinə daha çox qaz almaq niyyətindədir. Danışıqlar aparılır və hələlik heç bir nəticə yoxdur".

Komitə sədri onu da vurğulayıb ki, enerji sisteminin şaxələndirilməsi hər bir dövlətin, eləcə də Gürcüstanın daxili işi olsa da bu, heç də o demək deyil ki, Gürcüstan hökuməti Azərbaycan ilə münasibətləri korlamaq istəyir: “Gürcüstan Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda ən böyük qaz təminatçımızdır. Azərbaycan qazından heç cür imtina edə bilmərik. Biz Azərbaycandan həm də elektrik enerjisi alırıq. Rusiyaya ümid edərək, özümüzü yenidən enerji blokadasına sala bilmərik. Heç kim təminat verə bilməz ki, Rusiya sabah yenidən öz niyyətlərini həyata keçirmək üçün qazı və ya elektrik enerjisini kəsməyəcək. Biz onda hansı vəziyyətə düşə bilərik, bunu yaxşı başa düşürük. Lakin təəssüf edirəm ki, bəzi qüvvələr bu vəziyyətdən öz xeyirlərinə istifadə etməyə, Azərbaycan-Gürcüstan münasibətlərini korlamağa çalışırlar”.

Gürcüstanın Cənubi Kaxetiya ərazisində 5,3 trln. kubmetr həcmində təbii qaz ehtiyatlarının tapılması barədə yayılan xəbərə münasibət bildirən komitə sədri deyib: “Bu məsələ hələlik tam təsdiqini tapmayıb. Bundan əvvəl də Gürcüstan ərazisində karbohidrogen, xüsusən də təbii qaz ehtiyatlarının olması barədə xəbərlər yayılmışdı. Amma o zaman bu məlumatlar təsdiqini tapmamışdı. Əgər bu, həqiqət olsa, onda regionda vəziyyət tam dəyişəcək. Amma bu - hələ fərziyyədir. Bununla belə, yenə də Azərbaycanla münasibətlərimizi korlamamalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.