Moskvada yazılan istefa mətni və Ağ Evlə razılaşdırılan varis - Lukaşenkoya yolun sonu göründü
10-08-2021, 17:26

Belarusda prezident seçkilərindən bir il ötür.
Aleksandr Lukaşenko kütləvi aksiyaların qarşısının alınması hesabına hakimiyyətdə qalmağı bacarsa da, prezidentlik müddətini davam etdirməkdə çətinliklə üzləşib. Bunun başlıca səbəbi xarici təzyiqlərin və Qərbin sanksiyalarının artması ilə bağlıdır. ABŞ Prezidenti Co Bayden Belarusa qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsi haqqında Fərman imzalayıb. Sanksiyalara məruz qalmış sahələrin siyahısını Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya təqdim edib. Bu barədə açıqlama verən verən xanım Tixanovskaya qeyd edib ki, həmin müəssisələr Lukaşenkonun və yaxınlarının inhisarında olan Belaruskali də daxil olmaqla, neft və polad istehsalı şirkətləridir.
Eyni zamanda, Böyük Britaniya insan hüquqlarını pozduğu və demokratiyaya təzyiqlər etdiyinə görə Belarus hökumətinə iqtisadi, ticarət və aviasiya sahələrində yeni sanksiyalar tətbiq edib. Seçkilərin ildönümü ilə əlaqədar qəbul edilən sanksiyalar Belarusda istehsal olunan məhsulların Britaniya ərazisində satılmasını qadağan edir. Bu arada Prezident Lukaşenko hakimiyyətdən getməyə hazırlaşdığını deyib. “Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezliklə olacaq”-deyə dövlət başçısı jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə bəyan edib.
“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.
Belarus Prezidenti bildirib ki, bir il əvvəl ölkə siyasi təlatüm yaşayıb və həmin hadisələr ölkəyə başçılıq edə biləcək 15-20 nəfərin olduğunu sübut edib. Ancaq Lukaşenkonun bu açıqlamada nə qədər səmimi olduğunu söyləmək çətindir. Belə ki, Belarus Prezidentinin sözləri Qərbin təzyiqlərindən yayınmağa hesablanmış manevr də ola bilər. Xüsusilə Co Baydenin S.Tixanovskayanı Ağ Evdə qəbul etməsindən sonra Lukaşenko rejiminə qarşı ciddi təhlükə yaranıb.
Bir il öncə Tramp administrasiyası Belarusda seçkilərin nəticəsini tanımadığını bəyan etsə də, kütləvi etiraz aksiyalarına siyasi dəstək vermədi. Nəticədə, Belarus müxalifətinin dinc inqilab etmək planları baş tutmadı. Ancaq Co Baydenin prezident seçilməsindən sonra ABŞ Belarusu özünün təsir zonası elan edib. Ona görə də Bayden administrasiyası Belarusda müxalifətin başlada biləcəyi kütləvi aksiyalara siyasi dəstək verə bilər. Vəziyyətin ciddi olduğunu anlayan Lukaşenko müxalifətçilərin və fəallarına həbsini gücləndirib.
Hətta Minsk yaxınlığında siyasi məhbuslar üçün xüsusi cəza düşərgəsinin yaradılması da Qərbdən gözlənilən inqilab təhlükəsinin qarşısının alınmasına hesablanıb. Eyni zamanda, ABŞ və Böyük Britaniya Belarusa sanksiyaları artırmaqla Lukaşenko rejiminə qarşı sosial etirazların baş qaldırmasına çalışır. Çünki Belarusun neft emalı zavodlarında istehsal edilən məhsulların Avropa bazarlarına çıxışına tətbiq edilən qadağalar Lukaşenko hakimiyyətini valyuta qıtlığı problemi ilə üzləşdirəcək. Bu isə Belarus rublunun devalvasiyasını sürətləndirə bilər. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının 7,4 milyard dollara düşüb. Cari ilin sonunda bu göstəricinin 6 milyard dollardan da aşağı olacağı proqnozlaşdırılır. Əgər 2021-ci ilin yanvar-mart aylarında 529 milyon dollar valyuta itkisi qeydə alınıbsa, iyun ayı üçün bu rəqəm 353,8 milyon dollar olub. Son aylar Belarus rublunun məzənnəsində kəskin dalğalanmalar müşahidə olunur.
İyun ayının sonunda insan hüquqlarının kobud şəkildə pozulması və vətəndaş cəmiyyətinin qəddarcasına sıxışdırılması ilə bağlı tətbiq edilən Avropa sanksiyaları Belarusu Qərbin sərmayə bazarlarından və əsas valyuta gəlir mənbələrindən kənarlaşdırıb. Minskin başqa alternativi isə yoxdur. Hökumət və dövlət banklarına Avropa Birliyindən 90 gündən artıq müddətə maliyyə cəlb etmək qadağan edilib. Dövlət payı 50 faizdən artıq olan kredit təşkilatları, “Belarusbank”, “Belinvestbank” və “Belagroprombank”ın törəmə şirkətləri də sanksiyalara məruz qalıb. Belarusun valyuta ehtiyatları xarici borclarını da ödəmir. Dövlət büdcəsi ağır şəkildə yüklənib. Belarus 41,16 milyard dollar borc götürüb ki, bu, onun beynəlxalq öhdəliklərindən çoxdur. “S&P” təşkilatının analitikləri hesab edir ki, xarici valyuta gəlirlərinin azalması xarici kreditlərə xidmət göstərməkdə çətinliklər yaradır. Borcun 90 faizi dollar və avro ilə ifadə olunduğundan, məzənnə dəyişikliyinə həssasdır. Ona görə də Milli Bank maliyyə ehtiyatlarının 20-30 faizini xərcləmək məcburiyyəti ilə üzləşib.
Rusiyalı ekspertlərin hesablamasına görə, Belarusun qızıl ehtiyatları illik ixracatın yalnız 25 faizinə bərbərdir. Büdcə xaricdəki mal və xidmətlərin satışından çox asılıdır. Ticarət embarqosu elan edilsə, ehtiyatlar üç aya tükənəcək. Belarusa xarici valyuta axınının azalacağı və rublun qaçılmaz olaraq ucuzlaşacağı bildirilir. Bu, həyat səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq. İlk növbədə idxal olunan mallar bahalaşacaq. “İşsizlik mütləq artacaq. Bu, əmək qabiliyyətli əhalinin qonşu dövlətlərə axınını sürətləndirəcək”-, “Alqo Kapital”ın baş risk-meneceri Vitali Manjos belə deyib. Devalvasiyadan qorxan belaruslular son vaxtlar dollar və avro alırlar. Buna görə də analitiklər bu il respublikada inflyasiyanın bütün rekordları qıracağını istisna etmirlər. Əhali əmanətlərini xarici valyutaya köçürməyə hazırlaşır.
Nəticədə, Lukaşenko çox güman ki, yenidən kömək üçün Moskvaya üz tutacaq. Ötən il Vladimir Putin və Aleksandr Lukaşenko 1,5 milyard dollarlıq dövlət krediti barədə razılığa gəliblər. Belarus ikinci tranşı iyun ayında alıb. Lakin Moskvanın maliyyə dəstəyi siyasi güzəştlərdən asılı olacaq və bu, Minsk üçün qəbuledilməz ola bilər. Yəni Rusiyanın Belarusa verdiyi kreditlərin müqabilində ağır siyasi şərtlər təklif edəcəyi gözlənilir. Söhbət ilk növbədə, Belarusun İttifaq Dövləti müqaviləsinə uyğun olaraq Rusiya ilə birləşməsindən gedir.
Həmçinin, Rusiya hərbi bazalarını Belarus ərazisində yerləşdirməyi təklif edir. Prezident Lukaşenko hakimiyyətini saxlamaq üçün son bir ildə Moskva ilə xeyli yaxınlaşsa da Belarusun dövlət müstəqilliyi və suverenliyi məsələsində hələ də Putinə güzətə getmək istəmir.
Lukaşenkonun Rusiya ilə Qərb arasında siyasi manevr imkanlarını saxlamaqla vaxt qazanmağa çalışır. Lakin Kremldə onu da nəzərə alırlar ki, Belarusda gözlənilən iqtisadi böhran və sosial narazılıq fonunda baş qaldıracaq etirazlara Lukaşenko bu dəfə davam gətirməyə bilər. Ona görə də Rusiya Lukaşenkonu qorumaq üçün kifayət qədər valyuta xərcləmək fikrində deyil. Lukaşenkonun inadkar mövqeyi Moskvanı qane etmədiyindən, Rusiya özü ABŞ-ı qabaqlayaraq onu hakimiyyətdən getməyə razı salmağa çalışır. Belarus Prezidentinin hakimiyyətdən getməyə hazırlaşdığı barədə bəyanatının mətninin Moskvada yazıldığı da istisna deyil. Ancaq Lukaşenko hakimiyyətdən getməsi müqabilində təhlükəsizliyinin konstitusion qaydada təmin edilməsini istəyir. Hələ ötən il etiraz aksiyaları zamanı Lukaşenko konstitusiya islahatından sonra növbədənkənar prezident seçkiləri təyin etməyə və özü də namizədliyini irəli sürməməyə hazır olduğunu demişdi.
Artıq 2022-ci ildə Lukaşenkonun referendum keçirmək istədiyi bildirilir. Ardınca isə Belarusda növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Lukaşenko beləliklə hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək niyyətindədir. Özü isə yeni konstitusiya ilə yaradılacaq və prezident institutuna nəzarət edəcək hər hansı bir vəzifəyə rəhbərlik edə bilər. Bu, Konstitusiya Şurası ola bilər. Digər ehtimala görə, Lukaşenko hakim partiyanın lideri olaraq qalmağı və yeni konstitusiyada eks-prezident kimi toxunulmazlıq statusu əldə etməyi planlaşdırır. Lakin Lukaşenko üçün əsas problem indi özünə bütün cəmiyyətin qəbul etdiyi siyasi varisi tapmaqdır.
ABŞ və Avropa Birliyinin namizədi artıq müəyyənləşib. Bu Svetlana Tixanovskayadır. Seçkilərdən öncə Rusiyaya yaxın namizəd Yuri Babariko hesab edilirdi. O, demokrat lider kimi həm də Qərbin qəbul edəcəyi siyasətçidir. Hazırda həbsdə olan Babariko “Qazprom”dan maliyyələşsə də, Rusiyaya demokratdan daha çox Federal Təhlükəsizlik Xidmətinə bağlı olan güclü vassal lazımdır. Moskva vəziyyətin kifayət qədər təhlükəli olmasının fərqindədir. Çünki ABŞ Tixanovskayanı hakimiyyətə gətirməklə Rusiya ilə NATO arasında bufer zona olan Belarusu qazanmaq və Polşa-Litva-Ukrayna ittifaqına qoşmaq istəyir.
Bu halda hər üç ölkə üçün Rusiya təhlükəsi xeyli azalmış olar. Qüvvələr nisbətinin belə dəyişməsi Rusiyanın Şərqi Avropada və Ukrayna istiqaməsində strateji mövqelərini zəiflətmiş olar. Üstəlik, Rusiya neftinin Avropa bazarına əsas çıxış qapısına nəzarət ABŞ-ın əlinə keçə bilər. ABŞ-ın namizədinin hakimiyyətə gəlməsi Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Rusiya ilə İttifaq Dövləti Müqaviləsindən çıxmasına hesablanıb. Ona görə də Kreml özünün geostrateji təhlükəsizliyini qorumaq üçün düşməni öz sərhədlərindən maksimum uzaqda, yəni Belarus ərazisində qarşılamağa üstünlük verir. Ancaq Rusiyanın Ukraynada bir dəfə belə bir addım atması ona çox baha başa gəldi. Yəni bu, Putin üçün kifayət qədər riskli davranış olar. Ən münasib variant kimi Moskva özünün namizədini, ən pis halda isə Qərblə razılaşdırılmış bir siyasətçini hakimiyyətə gətirməklə problemdən çıxış yolu tapa bilər.