Azərbaycanda yeni partiya yaranır
4-03-2016, 20:53
May ayında Azərbaycanın siyasi arenasında yeni müxalifyönlü partiya elan olunacaq. Hazırda mövcud olan “AĞ blok”un nəzdində yaranacaq siyasi qurumun qurultayı ilə bağlı proseslər sürətlə gedir. Əsas işlərdən biri “AĞ blok”un maya qədər ictimaiyyət arasında AĞ Partiya kimi tanınması ilə bağlıdır.
Bu barədə “Yeni Müsavat”a “AĞ blok”un təsisçisi Tural Abbaslı məlumat verib: “Partiyanın elan olunması istiqamətində işlərimiz sürətlə gedir. Texniki, hüquqi və siyasi tərəfdən işlərimizi davam etdiririk. Qurultayın keçirilməsi, kütləviliyin təşkil olunması, qurulacaq partiyaya üzvlərin cəlb olunması, həmçinin, partiyanın loqotipinin, proqram və nizamnaməsinin hazırlanması və başqa istiqamətdə hazırda ciddi şəkildə çalışırıq. Partiyanın özünəməxsus himninin və bayrağının da olması istiqamətində işlər aparırıq. Hüquqi baxımdan vəkillərlə məsləhətləşirik. Əsas hədəfimiz qeydiyyatdan keçmiş bir qurum yaratmaqdır. Qurultaya qədər “AĞ blok”un cəmiyyət arasında Ağ Partiya kimi tanınmasını istəyirik və işlərimizin bir istiqaməti də bu yöndədir. Partiya olub proseslərdən kənarda qalmaq istəmirik. Siyasi oyunçu kimi cəmiyyət bizi qəbul etməlidir. Bunun üçün biz də boş dayanmamalıyıq. Niyyətimiz Azərbaycanın siyasi proseslərinə təsir edəcək qüvvə olmaqdır. Partiya olmasaq da, hazırda bir çox siyasi qurumlarla əməkdaşlığımız var. Uzun illər fəaliyyət göstərmələrinə baxmayaraq, bəzi siyasi qurumlardan bu gün daha fəalıq, əlaqələrimiz digər partiyalarla daha genişdir. Bu baxımdan müxalif partiya kimi cəmiyyətdə daha tez möhkəmlənə biləcəyimizi düşünürük”.
T.Abbaslı may ayında keçirəcəkləri qurultaydan da danışdı: “Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultayımızı keçirmək istəyirik. İşlərimiz bu şəkildə getsə, may ayında təsis konfransımızı keçirəcəyik. Zamanında yer üçün müraciətimizi edəcəyik. Azərbaycan səhnəsinə iddialı, əsasən, gənclərdən ibarət olan güclü bir qüvvənin çıxması üçün var gücümüzlə çalışacağıq”.
“AĞ blok”un təsisçisi partiyanın embleminə də toxundu: “ Loqotiplə bağlı bir sıra təkliflər var. Partiyanın embleminin ağ lalə olması üzərində dayanmışıq. Ağ təmizlik, şəffaflıq nümunəsidir. Lalə də həm təmizlik, mübarizə, əzm, həm də uzun illər türk dünyasında imperiya kimi mövcud olmuş Osmanlının simvollarından biridir. Hələ ki emblem olaraq, ağ zanbaq fikirləşmişik”.