Dövlətə iki cərimə kəsildi

9-09-2021, 19:48           
Dövlətə iki cərimə kəsildi
Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 9-da Azərbaycandan iki şikayət üzrə qərarlar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, Xavər Əlibəyovanın şikayəti 2012-ci ildə göndərilib. Xavər Əlibəyova 2009-cu ildə yolda yıxılıb, ayağından ağır sınıq xəsarətləri alıb, bir müddət xəstəxanada və evdə müalicə olunub. Ərizəçi xəsarət almasında səbəbkar saydığı Bakı Şəhər İcra Hakimiyyətini və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə verib. Səbail Rayon Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə 50 min manat təzminat öhdəliyi qoyub. Qüvvəyə minən həmin qərarın icrası yubanıb, ardınca Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət müddəti ötsə də, Bakı Apellyasiya Məhkəməsi 2011-ci ildə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, Ali Məhkəmə də bunu təsdiqləyib.

Avropa Məhkəməsinin sentyabrın 9-da elan olunan qərarında Xavər Əlibəyovanın Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş fərdi şikayətlər hüququnun pozulduğu qeyd edilir, dövlətin ona 500 avro təzminat ödəməsi istənir.

Əlisa Həsənov 2012-ci ildə göndərdiyi şikayətdə bildirib ki, Saatlı rayonunda qanunsuz olduğu bildirilən piketdə tutularaq polis məntəqəsində 7-8 saat qanunsuz saxlanıb.

Avropa Məhkəməsi şikayətçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verdiyini təsdiqləyərək dövlətin Əlisa Həsənova 3000 avro təzminat ödəməsi qərarı çıxarıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru