“Rusiya ilə hazırda heç bir qarşıdurmaya getməyə ehtiyac yoxdur” - NƏ ETMƏLİ?

11-09-2021, 10:02           
 “Rusiya ilə hazırda heç bir qarşıdurmaya getməyə ehtiyac yoxdur” - NƏ ETMƏLİ?
II Qarabağ savaşında qələbəmizi rəsmiləşdirən 10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən rus sülhməramlılarının sayı ilə bağlı son günlərdə səslənən rəqəmlər gündəmimizi zəbt edib. Razılaşmada onların sayının 1960 nəfər olması nəzərdə tutulsa da, tanınmış simaların bəziləri bu rəqəmin artıq 7-8 minə çatdığı yönündə şok iddialar səsləndirməyə başlayıblar.

İlk olaraq, belə bir iddia ilə YAP-çı deputat Elman Məmmədov çıxış etdi. Ardınca isə “Yeni Müsavat”ın ötən sayında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu iddianı təsdiqləyəcək açıqlamalar verib. Amma Azərbaycan tərəfi arxayın şəkildə işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa işlərini daha da sürətləndirir, miqyası böyüdür. Azərbaycan prezidenti təmkinini pozmur, Qarabağı, başqa əraziləri canlandırır, qurur, yaradır. Arada da Rusiyadan narazılıq ifadə edir.

Bu arxayınlığın səbəbi nədir? Ən maraqlısı, Türkiyənin bu prosesə yanaşması, reaksiyası necə olacaq? Cavab veriləcəkmi?

YAP-çı deputat Ceyhun Məmmədov narahatçılığını ifadə etsə də, nikbin danışdı: “10 noyabr razılaşmasına və ölkələr arasında əldə olunmuş anlaşmaya əsasən burada Rusiya sülhməramlılarının sayı 1960 olmalı idi. Amma biz bu gün görürük ki, Kreml bunun sayını artırır. Azərbaycan da bunun qarşılığında öz işlərini həyata keçirir. Bərpa, quruculuq işləri çox sürətlə həyata keçirilir. Bu işlər davam etdirilir. Şuşada böyük işlər görülür. Bütün bunlar bölgənin dirçəldilməsinə yönəldilmiş addımlardır. Amma bu gün onu da nəzərə almaq lazımdır ki, Xankəndində ermənilərin sayı sürətlə azalmaqdadır. Onlar görürlər ki, bu bölgədə artıq yaşamalarının heç bir əhəmiyyəti qalmır. Gah su, gah da işıqla bağlı müəyyən çətinliklər çəkirlər. Ermənilərin uzun müddət Xankəndində yaşamaları qeyri-mümkündür. Rusiya əslində razılaşmanı pozaraq bura köçürmələr edir. Amma Rusiya və erməni tərəfi bilməlidir ki, Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi var. Bu bəyannaməyə əsasən tərəflər bir-birilərini müdafiə etməyə hazırdırlar. Azərbaycan öz mövqeyində, prinsipində qalır. Dəfələrlə öz mövqeyini bildirib.

Azərbaycan bütövlükdə bölgənin ən yüksək nöqtələrinə nəzarət edir. Ermənistana girib-çıxan bütün yüklərə, hərbçilərə nəzarət edirik. Bura bütövlükdə götürdükdə ölkəmizin tam nəzarətindədir. Burada maksimum 25 min erməni əhalisi var. Getdikcə də sayı azalmaqdadır. Bu baxımdan tam əminliklə deyə bilərik ki, bölgənin heç bir perspektivi yoxdur. Rusiya və Ermənistan hansı addımları atırsa, qarşılığında Azərbaycan da öz addımlarını atır. Bildiyiniz kimi Laçında Türkiyə ilə birgə təlimlər həyata keçirildi. Bu təlimlər davamlı olaraq baş verir. Türkiyə ilə birgə təyyarələrlə hərbi uçuşlar da həyata keçirilir. Bu gün Azərbaycanın imkanı, potensialı kifayət qədərdir. Ölkəmizin maliyyə baxımından da geniş imkanları var. Bütün bunları Ermənistan haqqında söyləyə bilmərik. Azərbaycan həm də regional layihələri uğurla həyata keçirir. Kifayət qədər maliyyə vəsaitlərimiz də var. Ermənistan isə borc içərisindədir. Bütün bunların fonunda onların orada hansısa ciddi addımlar atması, güclənməsi perspektivsiz görünür. İki ölkəni müqayisə etmək qeyri-mümkündür”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Rusiya ilə hər hansı bir qarşıdurmaya getməyin tam əleyhinədir: “Əslində deyilən 7-8 min rəqəmi rəsmi deyil. Sülhməramlıların sayı 1960 nəfərdir, hətta iki minə belə çatmır. Onlar isə ordu sayılmır. 10 noyabr anlaşmasında müvəqqəti yerləşdirilmələri qeyd olunub. Cənab prezident prosesləri Qarabağdan Ermənistanla sərhədə köçürdü. Diplomatiyada hücumu öz üzərinə götürdü. Proseslər Ermənistanın içərilərinə doğru getməkdədir. Azərbaycanla münasibətlər Ermənistanda siyasi proseslərin və etirazların kuliminasiya nöqtəsinə çevrilib. Məsələnin ən uğurlu tərəflərindən biri də bundan ibarətdir. Lokal olaraq, Rusiya və sülhməramlılarla bağlı bəzi nüanslar Azərbaycan tərəfdə ciddi narazılıq doğurur. Rəsmi Bakı 10 noyabr razılaşmasına tam şəkildə əməl edir. Eyni zamanda, Türkiyə ilə müqaviləsinin önə çıxan tərəflərini reallaşdırır. Bu həm təlimlərə, həm ordunun yenidən qurulmasına, həm də bu proseslərin Qarabağda həyata keçirilməsinə aiddir. 44 gün ərzində güclər Azərbaycanın qarşısını ala bilmədisə, hərbçimiz 16 min kvadrat kilometrin 12 min kvadrat kilometrini azad etdisə, yerdə qalanlar müvəqqəti şəkildə təsbit olundusa, bundan sonra baş verən proseslər həmin maştabda baş verə bilməz. Azərbaycan tərəfi münaqişəni bitmiş sayır. Cənab prezident tərəfindən Şərqi Zəngəzur zonasının yaradılması barədə fərman münaqişənin bitməsi, statusun dəfni demək idi. Türkiyə daha qlobal şəkildə Azərbaycanla birgə prosesləri düşünür. Qardaş ölkənin dəstəyi ilə Azərbaycan 5-ci ordu korpusu formalaşdırır. Bu xüsusi təyinatlılardan ibarət peşəkar ordunun yaradılması yönündə ilk addımların atılmasıdır. Bu həm də o deməkdir ki, qardaş ölkənin yaxından iştirakı ilə Azərbaycan elə bir hərbi gücə malik olacaq ki, heç bir halda heç vaxt Ermənistan tərəfi hərbi yola əl ataraq ölkəmizə qarşı təcavüzə cəhd edə bilməyəcək. Əsas önəmli məsələlərdən biri də bundan ibarətdir. Biz Qarabağın yerdə qalan 4 min kvadrat kilometrindəki ermənilərin inteqrasiyasını gözləməliyik. Rusiya ilə hazırda heç bir qarşıdurmaya getməyə ehtiyac yoxdur. Gedən proseslər ermənilərin sosial inteqrasiyasına imkan yaradır”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.