ABŞ-dan təhlükəli gediş: Rusiya nə edəcək?

24-12-2021, 00:03           
ABŞ-dan təhlükəli gediş:
ABŞ və Avropa İttifaqının diplomatik xidmət rəhbərləri Rusiya ilə gələcək danışıqları birgə aparmağa razılaşıblar.

Razılıq Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında aparılan danışıqlardan sonra əldə olunub.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ hakimiyyəti Rusiyaya qarşı aqressiv hərəkətlər planlaşdırmır.

O əlavə edib ki, Vaşinqton və Moskva arasında diplomatik təmas yaxşı əlamətdir.

Maraqlıdır, Avropanın Rusiyadan qaz asılılığı olduğu üçün Moskvaya qarşı sərt mövqedən çıxış edə bilmir?

Məsələ ilə bağlı politoloq Aydın Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Avropanın enerji ilə təmin olunması məsələsində Rusiyanın monopolist rolu özünü göstərir:

“Artıq çoxdandır ki, ABŞ və Avropa İttifaqı ümumi Qərb adı altında vahid geosiyasi məkan kimi görünürlər. Lakin onların aralarında mənafe fərqləri yaranıb.

Düşünürəm ki, ABŞ və Avropa İttifaqının vahid məkan sayılma dövrü artıq keçmişdə qalıb. Hazırda bir çox məsələlərində aralarında problem var. Hətta Donald Trampın ABŞ prezidenti olduğu dövrdə Vaşinqton və Avropa İttifaqı arasında idxal və ixrac əməliyyatları ilə bağlı ziddiyyətlər meydana gəlmişdi.

Avropanın enerji təminatı baxımından yaşadığı çətinliklər onun Rusiya ilə müəyyən münasibətlər qurmasına təlabat yaradır. Yəni Avropanın açıq-aşkar Rusiyanın enerji daşıyıcılarından asılılığı var. Aydın məsələdir ki, Avropa ölkələri də ABŞ-ın NATO üzrə mütəffiqləri olduğuna görə bir sıra məsələləri Ağ Evlə uzlaşdırmalıdır.

Reallıq bundan ibarətdir ki, enerji baxımından Avropanın Rusiyadan asılılığı var. Lakin Avropanın hərbi-siyasi təhlükəsizlik məsələlərində isə NATO-nun və ABŞ-ın qarşısında öhdəçilikləri olduğunu da nəzərə almaq lazımdır.

Düşünürəm ki, mövcud şəraitdə Avropa strateqləri doğru yol tapıblar. Yəni onlar son nəticədə ABŞ və Rusiya arasındakı münasibətlərin tənzimlənməsinə nail olsunlar. Avropanın talehi xeyli dərəcədə “Şimal Axını-2” layihəsindən asılıdır. Rusiya bunu həyata keçirmək istəyir, amma ABŞ bunu siyasi layihə hesab edərək, onun üzərində sanksiyalar tətbiq edir. Bu isə Avropanı çətin vəziyyətdə qoyur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.