Ağ Ev bəyan edib ki, Ukraynaya “təhlükəsizlik yardımı” kimi 335 milyon dollar verəcək.
Martın 31-də ABŞ-ın Vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Məlumat da ondan sonra açıqlanıb.
Bu yardım Ukraynaya çox lazımdır. Belə ki, Rusiya Krımı anneksiya edəndən, ölkənin şərqində münaqişə başlanandan iqtisadi böhran yaranıb.
Vaşinqton Ukraynanın qərbpərəst hökumətini dəstəkləyir. Ancaq Kiyevdəki korrupsiya sarıdan narahatlığı var. Bu həftənin əvvəlində Ukraynada baş prokuror istefaya göndərilib. Onun korrupsiya araşdırmalarını əngəllədiyi bildirilirdi.
Ağ Evin məlumatına görə, Bayden Poroşenkoya deyib ki, yeni islahatpərəst hökumət qurulsa, daha artıq yardım göstərilə bilər.