Fransadan Azərbaycana dəstək: - `Erməni təxribatını pisləyirik`
4-04-2016, 09:19
Azərbaycanın Dostları Assosasiyasının prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan Fransua Mansel Azərbaycan-Ermənistan təmas xəttindəki gərginliyə münasibət bildirib.
Jan Fransua Mansel AzVision.az-a özəl açıqlamasında deyib ki, Azərbaycanın Dostlar Assosasiyası aprelin 1-dən 2-ə keçən gecə Ermənistanın hərbi güclərinin Azərbaycana qarşı çoxlu sayda insanların və mülki əhalinin ölümünə səbəb olan və hələ də davam edən qanlı hərbi təxribatını kəskin şəkildə qınayır.
Fransa Milli Assambleyasının üzvü Ermənistanın işğalçı siyasətini pisləyərək, düşmən tərəfi tutduğu mövqedən əl çəkməyə çağırıb.
“Assosasiya yeni qarşıdurma nəticəsində həlak olan çoxsaylı günahsız qurbanların Ermənistan tərəfindən Dağlıq Qarabağın qanunsuz işğalı səbəbindən baş verdiyini xatırladır və Azərbaycan xalqına, hücuma məruz qalmış ailələrə tam dəstəyini ifadə edir. Azərbaycanın Dostları Assosasiyası ATƏT-in Minsk Qrupunda üzərinə öhdəlik götürmüş dövlətlərin süründürməçiliklərini, faciəli qarşıdurmalara gətirib çıxara bilən əsassız status kvonu uzun illərdən bəri qoruyub saxlamaqlarından təəsüflənir”.
Jan Fransua Mansel dünya ölkələrini, beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı verdiyi 4 qətnamənin icra olunması üçün səylər göstərməyə çağırıb.
“Azərbaycanın qarşıdurmaya son qoymaq məqsədilə birtərəfli atəşkəslə bağlı qərarını alqışlayıram. Ermənistanı Dağlıq Qarabağı işğal vəziyyətində daim saxlaya bilməyəcəyinə anlamağa çağıram və Azərbaycan nümunəsini izləməyə dəvət edirəm”.