Müdafiə Nazirliyi erməniləri ifşa etdi - Bu ermənilərin uydurmasından başqa bir şey deyil
4-04-2016, 12:57
“Azərbaycan əsgəri mülki əhali ilə müharibə aparmır. Azərbaycan əsgəri yalnız bizim işğal olunmuş ərazilərimizə qeyri-qanuni soxulan silahlı ermənilərlə mübarizə aparır”. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlama verib. O, erməni mətbuatında azərbaycanlıların mülki erməniləri qətlə yetirməsi barədə iddialarını şərh edərkən bu barədə bildirib.
Ermənilər iddia ediblər ki, Azərbaycan əsgəri azad edilmiş Talış kəndidə qalan və kənddən çıxmağa macal tapmayan bir neçə nəfəri güllələyiblər.
Polkovnik Dərgahlının sözlərinə görə, ordumuz hazırda erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması ilə məşğuldur: “Əsgərlərimiz heç bir mülki əhaliyə qarşı silah işlətmir və zor tətbiq etmir. Bu ermənilərin uydurmasından başqa bir şey deyil”.
MN polkovniki erməni mətbuatının yalanlarını ifşa etdikdən sonra cəbhədəki son vəziyyətə də toxunub: "Vəziyyət gərgin olaraq qalır. Bütün cəbhə boyu, o cümlədən Ağdərə, Tərtər Füzuli və Xocavənd istiqamətində vəziyyət gərgindir".
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.