Əliyevin qəfil Türkiyə səfəri: “2020-ci ildə olduğu kimi…” – AKTUAL ŞƏRH

10-03-2022, 00:27           
Əliyevin qəfil Türkiyə səfəri: “2020-ci ildə olduğu kimi…” –
Prezident İlham Əliyev sabah – martın 10-da Türkiyəyə səfər edəcək. Bu barədə məlumatı hələ bir neçə gün əvvəl Türkiyə prezidenti R.T.Ərdoğan açıqlamışdı. Dövlət başçısı müttəfiq ölkənin liderinin bu səfərinin Ukrayna böhranı çərçivəsində apardığı geniş müzakirələrin tərkib hissəsi olduğunu deyib.

Xatırladaq ki, ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdə olub və İlham Əliyevlə görüşüb. Dövlət başçısı görüşdən əvvəl bildirib ki, Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. Bundan başqa, Ərdoğanın oğlu Bilal Ərdoğan da Bakıda olub və İlham Əliyev onu qəbul edib.

Maraqlıdır, Ukrayna böhranının ən qızğın dövründə İlham Əliyevin Ankaraya getməsini zəruri edən hansı səbəblər var? Liderlər hansı mövzuları ələ alacaqlar? Qeyd edək ki, səfərin gündəliyi barədə açıqlama verilməyib.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfərini zəruri edən hazırki vəziyyət,. ilk növbədə təhlükəsizlik məsələləridir: “Çünki qonşu bölgədə genişmiqyaslı müharibə gedir. Türkiyə və Azərbaycanın mövqeyi bu müharibədəki tərəflərin mövqeyindən fərqlənir. Hazırda kollektiv Qərb-Ukrayna bir tərəfdə, Rusiya işğalçı ölkə kimi başqa tərəfdədir, eyni zamanda, Rusiya-Belarus tandemi də var. Türkiyə və Azərbaycanın mövqeyi belədir ki, biz hər 3 tərəflə münasibət saxlayırıq və baxışımızı formalaşdırırıq. Əlbəttə, bu, təhlükəsizlik üçün çox vacibdir. Düşünürəm ki, 2020-ci ilin təcrübəsini nəzərə alaraq, Türkiyə və Azərbaycan qarşılıqlı olaraq öz ərazilərində böyük sayda şəxsi heyətin, hərbi texnikanın, müasir silah sistemlərinin, F-16 qırıcılarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə də başlaya bilərlər. Bu təlimlərin keçirilməsinə zərurət çox yüksəkdir”.

Politoloq qeyd edir ki, digər vacib məsələ gündəmdə olan iqtisadi məsələlərdir: “Çünki enerjidaşıyıcılarının qiymətinin qalxması ilk baxışda Azərbaycan üçün sərfəlidir, amma Türkiyə iqtisadiyyatına böyük zərbələr vurur. Düşünürəm ki, bu istiqamətdə danışıqlar olacaq və enerji təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Hazırda Avropa üçün enerjinin daşınması məsələsi aktuallaşıb. Biz artıq bu infrastruktura malikik. Bundan başqa nəqliyyat, logistika məsələlərinin strateji əhəmiyyəti çox artıb. Sovet dövründən tikilmiş trans-Sibir dəmiryolu və digər dəmiryolları istifadə edilmir, qadağa qoyulub. Xəritəyə baxsaq, görərik ki, Avropa və Asiyanın arasında 3 ölkə var: Rusiya, Azərbaycan və İran. Bu gün Rusiya ərazisindən keçidlərə qadağa qoyulubsa, Azərbaycanın əhəmiyyəti daha da artır. Buna hazır olmalıyıq”.

F.Məmmədov hesab edir ki, Türkiyə və Azərbaycan liderlərinin təkbətək müzakirə etməli olduqları bir çox məsələlər var: “Onu xatırladım ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Ərdoğanın oğlu Bilal Ərdoğan Bakıya gəlmişdilər və hər ikisi Azərbaycan prezidenti ilə görüşdülər. Görünür, bu səfərlər zamanı liderlər arasında müzakirəsi vacib olan mövzular dəqiqləşdirilib. Mən Prezident İlham Əliyevin Türkiyə səfərinə ciddi önəm verirəm, hesab edirəm ki, bu səfərdən sonra təhlükəsizlik, iqtisadi və enerji məsələləri ilə bağlı çox ciddi qərarlar qəbul olunacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.