Gürcüstan “qara siyahı”da, Azərbaycanın adı çəkilmir…

27-05-2022, 09:18           
Gürcüstan “qara siyahı”da, Azərbaycanın adı çəkilmir…
Ukrayna rəsmisi: “Bu siyahıda dost ölkələri görmək çox kədərlidir”

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Gürcüstan Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələr siyahısına daxildir. NetGazeti-nin məlumatına görə, o, bu barədə Atlantic Council-in təşkil etdiyi söhbət zamanı bildirib.

FOX News telekanalının müxbiri ona təkrar sanksiyalar barədə sual verib və soruşub ki, Ukrayna sanksiyalardan yayınmaqda Rusiyaya kömək edən ölkələrə və şəxslərə qarşı sanksiya tətbiq edilməsini istəyibmi? Yermak bildirib ki, Gürcüstandakı bəzi nüfuzlu biznesmenlər Rusiya şirkətlərinin səhm paketlərinə sahibdirlər və onlar Rusiyanın sanksiyalardan yayınmasında iştirak edirlər.

“Bu, çox vacib sualdır. Biz ciddi sanksiyalar (Rusiyaya qarşı) tətbiq edə bilərik, amma həmişə elə ölkələr və şəxslər olacaq ki, boşluq taparaq, onlara kömək etməyə çalışacaqlar. Biz bu məsələdə açıq mövqe tuturuq. Həmin ölkələr və şəxslərin Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiklərini sübut edə bilərik. Bu sanksiya şərtləri daxilində üzərilərinə həm iqtisadi, həm də digər sahələrdə risk götürən tərəfdaşlarımıza minnətdarıq.

Bəzilərinin belə sanksiyaları inkar edərək, bunun üzərində pul qazanması doğru deyil. Təəssüf ki, bəzi Asiya ölkələri bu cür addım atırlar.

Bu siyahıda dost ölkələri, məsələn, qara siyahıda olan Gürcüstanı görmək çox kədərlidir. Amma biz çox ehtiyatla davranırıq və tərəfdaşlarımızla bir yerdə bu məsələni öyrənməkdə davam edirik. Hər şey sübut edilməli və sənədləşdirilməlidir.

Şübhə yoxdur ki, bu, təkrar sanksiyaların vacib hissəsidir. Avropa İttifaqı və Böyük Britaniyanın gələcək sanksiya paketləri daha da genişlənəcək. Əgər Gürcüstan kimi ölkə barədə danışsaq, biz bilirik ki, bəzi nüfuzlu biznesmenlər Rusiya şirkətlərində, məsələn “Qazprom”da böyük paya malikdirlər. Düşünürəm ki, onlar Rusiyanın sanksiyalardan yayınması prosesinə qoşulublar”, – Andrey Yermak deyib.

Andrey Yermak Rusiyaya qarşı sanksiyaları və onların effektivliyini qiymətləndirən ukraynalı və beynəlxalq ekspertlər qrupuna başçılıq edir.

Ukraynalı siyasətçi verdiyi bəyanatda tam açıq şəkildə Gürcüstan hökumətini qeyri-rəsmi şəkildə idarə edən keçmiş rusiyalı oliqarx, milyarder Bidzina İvanişviliyə işarə edir. Yeri gəlmişkən, Gürcüstanın özündə də çoxları hesab edir ki, İvanişvili hələ də “Qazprom”un səhmdarı olaraq qalır. Yermak hesab edir ki, Gürcüstanın qeyri-rəsmi hakimi olan İvanişvili Rusiyanın sanksiyalardan yayınmaq prosesinə cəlb edilib.

Daha maraqlısı isə odur ki, bu günə kimi Ukraynadan Azərbaycanda da kiminsə belə bir fəaliyyətlə məşğul ola biləcəyi ilə bağlı bəyanat gəlməyib. Hansı ki, bizim ölkəmiz də Rusiya ilə geniş coğrafi sərhədə malikdir və Gürcüstandan fərqli olaraq, bizim Moskva ilə diplomatik əlaqələrimiz kəsilməyib. Bu, qəribə deyilmi? Bununla bağlı nə demək olar?

Pressklub.az-ın bununla bağlı suallarına Gürcüstan Strateji Analiz Mərkəzinin aparıcı eksperti Gela Vasadze cavab verib.

– Mənim əlimdə İvanişvilinin “Qazprom”un səhmdarı olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. Amma həqiqətən də Gürcüstanda çoxları buna əmindir, müxalifət də dəfələrlə bu barədə deyib. Ona görə də, Yermakın İvanişvilini nəzərdə tutmasına şübhə etməyə dəyməz. Yeri gəlmişkən, bu şəxsin İvanişvili olduğunu bir qədər sonra Prezident Ofisinin müşaviri Mixail Podolyak da təsdiq edib.

Əlbəttə, Yermakın bəyanatı siyasidir. Amma burada vacib məqam var – bu bəyanatlar niyə görə verilir? Bu, həqiqətən də sanksiyalardan yayınmanın qarşısını almaq cəhdidir, yoxsa konkret qrupdan daxil olan konkret siyasi sifarişdir? Özü də, bu qrupun Vahid Milli Hərəkat (Mixail Saakaşvilinin partiyası) olduğunu ancaq sadəlövhlər düşünə bilər. Bu cür sifariş ancaq okeanın o üzündən gələ bilər, başqa heç bir yerdən. Amma hər iki variant da ola bilər. Necə olmasından asılı olmayaraq, Gürcüstan hakimiyyəti bu ittihamlara çox əsəbi reaksiya göstərir.

Bir şey aydındır – bu cür bəyanatların açıq şəkildə verilməsi İvanişvili üçün pis əlamətdir. Şübhə yoxdur ki, onun qərbdə öz hamiləri var. Amma Ukraynada hakimiyyətdə olan siyasi qrupun təsiri ilə İvanişvilinin siyasi təsirinin miqyası müqayisəedilməzdir. Əgər bu oyunda ortaya qoyulanların qiyməti bu qədər yüksək olmasaydı, bütün bunları müşahidə etmək son dərəcə əyləncəli olardı.

Azərbaycana gəldikdə isə əminəm ki, Ukrayna və Azərbaycan arasında istənilən “anlaşılmazlıqlar” ictimaiyyətin diqqətini cəlb etmədən həll edilir. Bu isə yüksək münasibətlərin göstəricisidir.

Rauf Orucov
шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.