Eldar Mahmudovun taleyi bir siyasi qərardan asılıdır...

3-05-2016, 17:52           
Eldar Mahmudovun taleyi bir siyasi qərardan asılıdır...
2015-ci ilin oktyabr ayında vəzifəsindən uzaqlaşdırılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs təhlükəsinə tutarlı əsaslar olsa da, o, hələ də azadlıqdadır. Həbs dalğalarının geniş vüsət aldığı ilk günlərdə nazirlikdə bir sıra yüksək çinli şəxsin vəzifədən uzaqlaşdırılması, həmçinin cinayət məsuliyyətinə cəlb edilməsi növbənin gec-tez Eldar Mahumudova çatacağını istisna etmirdi. Amma nədənsə gözlənilən baş vermir...

Əvəzində “MTN işi”nə görə həbs edilənlərin istintaq müddəti uzadılır. Amma nə vaxtadək? Eldar Mahmudov hansı halda həbs edilə bilər?

Həbs müddətinin uzadılması əsaslandırılmalıdır

Hüquqşünas-vəkil Cavad Cavadov Modern.az saytının bu qəbildən olan suallarını cavablandırıb, məsələnin hüquqi tərəflərini izah edib. O qeyd edib ki, istintaq müddətinin uzadılması və bununla əlaqədar həbsdə saxlama müddətinin uzadılması Cinayət-Prosessual Qanunvericiliyi ilə tənzimlənir:

“Bu hallar işin mürəkkəbliyindən, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin sayının, cinayət işi üzrə epizodların çoxluğundan, işin digər hallarından asılıdır. İstənilən halda bu müddət ağlabatan olmalıdır. Ağır cinayətlərlə bağlı istintaq müddəti 13 aya qədər uzadıla bilər. Həbsdə saxlama müddəti də bu qədər uzadıla bilər. Bütün bu hallar, yəni müddətlərin uzadılması məsələsi istintaq tərəfindən əsaslandırılmalıdır. Lakin praktika, xüsusən Avropa Məhkəməsinin presedent hüququ, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlarında dəfələrlə göstərilir ki, məhkəmələr istintaq orqanlarının həbsdə saxlama müddətinin uzadılmasına dair əsaslandırılmamış təqdimatlarını qərara köçürməklə kifayətlənir, qərarlarda həbsdə saxlama müddətinin uzadılmasını ümumi, mücərrəd, dumanlı ifadələrlə əsaslandırırlar”.

Ümumiyyətlə, dövlətin təhlükəsizliyinə cavabdeh böyük bir qurumda baş verən cinayətlər, hətta bu cinayətə görə digər nazirlik rəsmilərinin də təqsirləndirilməsi və Eldar Mahmudovun həbs edilməməsinin məntiqi nəticəsi nədən ibartədir?...Nəzərə alaq ki, Eldar Mahmudovun ümumiyyətlə indiyədək istintaqa cəlb olunması və dindirilməsilə bağlı heç bir rəsmi məlumat da yoxdur...

MTN şefi hər an həbs edilə bilər...

Ekspert ilkin olaraq keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarına qarşı cinayət işi qaldırılan zaman ictimaiyyətə heç bir məlumat verilmədiyini xatırladıb:

“Bunun səbəbləri indiyə kimi dumanlı olaraq qalır. Sonradan cinayət işi üzrə kütləvi şəkildə hüquqları pozulan vətəndaşlardan şikayətlər daxil olmağa başladı və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə başladılan cinayət işi, artıq hədə-qorxu il ə əmlak tələb etmə, rüşvət alma və sair maddələr əlavə olunmaqla nazirliyin keçmiş yüksək ranqlı əməkdaşlarının həbsi ilə nəticələndi.

Nazirlikdə baş verən bu qanunsuzluqlardan onun rəhbərinin məlumatının olmaması təbii ki, inandırıcı deyil. Lakin onun cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsi istintaq orqanın gücünə aid olmayan siyasi qərarla mümkündür. Bu isə real görünmür...”.

C.Cavadov Eldar Mahmudovun həbs qərarının istənilən an elan oluna biləcəyini də istisna etməyib:

“Bununla belə, yaxın keçmişdəki olayları xatırlasaq, MTN-nin keçmiş şefi ilə bağlı da qərarın hər an verilə biləcəyini gözləmək mümkündür. Hakimiyyət dəfələrlə, həm də birmənalı olaraq ona, yaxın çevrələrinə aid belə toxunulmaz şəxslərin olmadığını nümayiş etdirib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.