““Bişkek protokolu” heç vaxt qüvvəyə minməyib, Rəsul Quliyev sənədi imzalayanda..”

12-05-2016, 23:17           
““Bişkek protokolu” heç vaxt qüvvəyə minməyib, Rəsul Quliyev sənədi imzalayanda..”
“Bişkek protokolu” ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəzi ekspertlər iddia edir ki, bu sənəd hüquqi mahiyyətli deyil və artıq qüvvədən düşmüş hesab olunur.

Lakin mərhum prezident Heydər Əliyevin köməkçisi işləmiş, politoloq Eldar Namazov “Bişkek protoklu”nun işləmə mexanizminə dair tamamilə fərqli fikirdədir.

Eldar Namazov Modern.az saytına açıqlamasında deyib ki, “Bişkek protokolu”nun 1994-cü il may ayının 12-də qüvvəyə minməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

““Bişkek protokolu” adı ilə tanınan bu sənəd heç zaman qüvvəyə minməyib. Bu sənədin qüvvəyə minməsi ilə bağlı deyilənlər yalnız erməni və onlara dəstək verən rus təbliğatıdır. Onlar Bişkekdə imzalanan sənədin guya, qüvvəyə minməsi kimi fikirlər dövriyyəyə buraxırlar. Bu sənədi təsdiqlənmiş bir müqavilə kimi təqdim edirlər”.

Ekspert bildirib ki, Ermənistan Dağlıq Qarabağın erməni icmasının o sənədə imza atmasını bəhanə edir.

“Ermənilər deyir ki, sənəddə Dağlıq Qarabağın erməni icmasının imzası var, lakin Azərbaycan icmasının yox. Ona görə də bütün erməni təbliğatı və onlara dəstək verən rus saytları bunu qüvvəyə minmiş sənəd kimi təqdim edirlər. O cümlədən guya ki, 1994-cü ildə imzalanan atəşkəs yalnız “Bişkek protokolu” ilə bağlıdır. Ancaq bunlar hamısı cəfəngiyatdır”.

Eldar Namazov sözügedən atəşkəs razılaşmasına Milli Məclis sədrinin keçmiş müavini Afiyəddin Cəlilovun imza atmamasından da söz açıb.

“Azəbaycan tərəfindən bu sənədə Afiyəddin Cəlilov imza atmalı idi. Amma bu sənədi imzalamadı. Bundan sonra parlamentin o vaxtkı sədri Rəsul Quliyev bu müqaviləyə imza atanda bir neçə şərt irəli sürdü. Rəsul Quliyev o şərtləri ora yazdı. Şərtlərdən biri bu idi ki, mətndə müəyyən düzəlişlər edilməlidir. O həmçinin tələb edirdi ki, bu sənədə Dağlıq Qarabağın Azərbaycan icması da imza atmalıdır.

Rəsul Quliyevin bu şərtlərini isə nə ermənilər, nə də ruslar qəbul etdi. Deməli, Rəsul Quliyevin də imzası artıq avtomatik olaraq qüvvədən düşdü. Əgər Rəsul Quliyevin şərtləri qəbul olunubsa, deməli o sənəddə Azərbaycan icmasının da imzası var. Bu zaman isə müqavilə dördtərəfli sənəddir. Yox, qəbul olunmayıbsa, deməli, onun imzası da öz qüvvəsini itirir. Əslinə qalsa, atəşkəs sazişi “Bişkek protokolu” adlanan qondarma sənəddən bir neçə gün sonra ayrıca bəndlərlə tənzimləndi”.

Eldar Namazov “bəs atəşkəsə hansı sənədlə riayət olunub” sualına belə cavab verib:

“Hər tərəf vasitəçilərə teleqram vurub bildirdi ki, atəşkəsə riayət olunacaq. Bu müraciətlərlə atəşkəsə nail olunub. Onlar qısa teleqramlar idi. Bildirilirdi ki, məsələn, Azərbaycan tərəfi filan vaxtdan atəşkəsə riayət etməyə hazırdır. Eyni məzmunlu məktubu Ermənistan tərəfi də göndərirdi”.

Politoloq bildirib ki, Azərbaycanda kim o sənədə istinad edirsə, bu, yanlışdır. E.Namazov 1994-cü ildə hərbi əməliyyatların niyə dayandırılmasını isə belə əsaslandırıb:

“O vaxt ermənilər çalışırdılar ki, Tərtər və Bərdə istiqamətində güclü hücumlar təşkil etsinlər. Amma Azərbaycan ordusu bu hücumların qarşısını dəf edirdi. Ermənilərin arasında çox böyük itkilər var idi. Mən xatırlayıram ki, o dövrdə mərhum eks-prezident Heydər Əliyev bir neçə dəfə hərbçilərlə iclas keçirdi. O, atəşkəsə münasibətlə bağlı mövqeləri öyrənirdi. Həmin iclaslarda mən də iştirak edirdim.

Atəşkəsə imza atmağın yeganə səbəbi o idi ki, Rusiya Gürcüstan ərazisində yerləşən hərbi hissələrdən Dağlıq Qarabağdakı separatçılara daim yeni silahlar göndərirdi. Azərbaycan ordusu hər cür hücumu dəf edirdi, amma o hücumların arxasında yeni silahlar, tanklar gəlirdi.

Elə oldu ki, bu hücumların arxasında təkcə Ermənistanın dayanmadığı bilindi. Məlum oldu ki, onlara himayədarlıq edən ölkə Rusiyadır. Ona görə də, atəşkəsə imza atmaq artıq qaçılmaz idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.