Putin ermənilərin 1 nömrəli düşmənini Bakıya göndərir - işğalçını qıcıqlandıran şok gəlişmə

14-05-2016, 09:55           
Putin ermənilərin 1 nömrəli düşmənini Bakıya göndərir - işğalçını qıcıqlandıran şok gəlişmə
Azərbaycan yenidən regional proseslərin episentrində; Ermənilərin faktiki “persona non-qrata” elan elədiyi Roqozinin prezidentlərin Vyana görüşündən dərhal sonra Azərbaycana gəlişinin pərdəarxası; ziyarətin silahlarla bağlı olduğu da deyilir; sabah isə Qəbələdə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başlayır...
Güney Qafqaz ətrafında, o sırada Dağlıq Qarabağla bağlı gedən proseslərdə son günlər maraqlı dinamika, xeyli vaxtdır görünməyən siyasi-diplomatik və hərbi aktivlik müşahidə olunmaqdadır. Baş verənlərin ötəri təhlili göstərir ki, münaqişələrlə zəngin, Rusiyanın “həyati maraqlar zonası” elan elədiyi Cənubi Qafqaz uğrunda onun ABŞ-la, Qərblə rəqabəti daha kəskin fazaya adlayıb. İntensivləşən proseslərin episentrində isə həmişəki kimi, Azərbaycan və Qarabağ münaqişəsi durur.

Buna hazırda özünü göstərən üç mühüm gəlişmədən görmək olar. Ötən sayımızda vurğuladığımız kimi, bölgə uğrunda qlobal güclərin kəskinləşən savaşı ilk növbədə hərbi güc müstəvisində özünü göstərir. Belə ki, dünəndən etibarən NATO-nun Gürcüstanda ilk və genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu təlimlərə cavab olaraq isə Rusiya forpost Ermənistanda eyni vaxtda təlimlərə start verib.

NATO təlimləri ayın axırlınadək çəkəcək və Alyansın Gürcüstanda hərbi qüvvələr saxlaması ilə başa çatacaq. Həmin vaxt Rusiya prezidenti Vladimir Putinin Bakı və İrəvana səfər edəcəyi xəbəri yayılıb, rəsmən təsdiqlənməsə də...



***
Bu arada - mayın 16-da isə Vyanada, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin xarici siyasət idarələrinin başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi xəbəri yayılıb. 4 günlük aprel müharibəsindən sonra ilk olacaq belə yüksək səviyyəli təmasda hansısa sülh sənədinin imzalanacağı real olmasa da, belə bir görüş bölgəyə Qərbin artan diqqətini göstərir. Bu da Moskvanı bir elə məmnun edən məqam deyil. Çünki Rusiya Qarabağ məsələsində dominant rolunu itirmək fikrində deyil.

Ən maraqlısı odur ki, Vyana görüşündən cəmi bir gün sonra, mayın 17-də Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksini kurasiya edən, Putinin yaxın adamlarından sayılan Dmitri Roqozin Bakıya səfər edəcək. Bu haqda “İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

“Rusiya baş nazirinin müavini Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir PutininBakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq” - mənbə qeyd edib. Məlumatlara görə, gözlənilir ki, D.Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək.

* * *

Xatırladaq ki, D.Roqozin eyni zamanda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir, V.Putinin səlahiyyətli şəxslərindən və sözçülərindən hesab olunur. Sonuncu dəfə o, mart ayında Bakıya qəfil səfər eləmiş, Rusiyanın Azərbaycana silah satışına dair müqavilələrin yerinə yetirilməsində yaranmış problemlə bağlı danışıqlar aparmışdı.

Ondan az sonra, Putinin də diqqətində olan problem aradan qaldırılmışdı. Mötəbər mənbələr bildirir ki, Azərbaycan Rusiyadan növbəti iri partiya silah və hərbi texnika sifariş verməyə hazırlaşır və çox güman ki, Roqozinin növbəti səfərində bu məsələ detallı müzakirə olunacaq.

Onu da yada salaq ki, aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Ermənistanın Rusiyanın Azərbaycana silah satmasına etirazlarına cavab olaraq Roqozin erməni tərəfinə sərt reaksiya vermiş, hətta erməniləri aşağılamışdı. Roqozin demişdi ki, belə bəyanatlar demaqogiyadır və Bakıya silah satışı davam edəcək. “Əgər Rusiya Azərbaycana silah satmasa, onun yerini dərhal NATO ölkələri tutacaq” - o, vurğulamışdı.

Roqozinin xüsusən də 4 günlük müharibədən sonra bu kimi açıqlamalar verməsi Ermənistanda güclü qıcıq doğurmuş, hətta işğalçı ölkədə o, faktiki, “persona non qrata” elan edilmişdi. Halbuki, Roqozin həmin bəyanatları Putinin adından verirdi. Ayrı sözlə desək, ermənilər bununla əslində Rusiya prezidentinə təpki göstərmişdilər.

* * *
Putin indi ermənilərin 1 nömrəli düşmənini təzədən Bakıya yollayır - eyni məsələ ilə bağlı, silah ticarətini genişləndirmək üçün. Həm də elə bir dönəmdə ki, Moskva İrəvana ötən il silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin verilməsini uzatmaqdadır. Şübhə yox ki, bütün bunlar Ermənistanı bir az da qəzəbləndirmiş olacaq.

Söz düşmüşkən, srağagün Rusiya XİN rəsmisi Mariya Zaxarova Moskvada keçirdiyi ənənəvi brifinqdə Bakıya silah satmaqla bağlı sual verən erməni jurnalisti məyus edib. Zaxarova deyib ki, “Rusiyanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə hərbi-texniki əməkdaşlığını aydın beynəlxalq hüquqi əsaslarda aparır”. Yəni erməni tərəfinin narazılığı və narahatlığı Moskvada ciddiyə alınmayacaq. Niyə?
Belə güman eləmək olar ki, Güney Qafqazın açar ölkəsi kimi, Azərbaycan Rusiya üçün hazırda təkcə etibarlı silah alıcısı kimi yox, həmçinin, başqa aspektlərdən qat-qat böyük önəm daşıyır. Söhbət yuxarıda vurğulandığı kimi, Qərbin, NATO-nun xeyrinə rəsmi Bakının strateji seçim edə biləcəyindən dolayı əndişədən gedir. Yəni bölgədə mübarizə əslində Azərbaycan uğrundadır. Moskva hər vəchlə çalışır ki, Azərbaycan onun siyasi-hərbi orbitindən uzaqlaşmasın və imkan düşərsə, Avrasiya layihələrinə qoşulsun...
***
Maraqlıdır ki, Roqozinin səfərindən iki gün öncə Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçlü görüşü planlaşdırılır. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycanda rəsmi səfərə gələcəklər.
Mayın 15-dək çəkəcək müzakirələr hərbi və hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın bundan sonrakı perspektivlərinə həsr olunacaq. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

* * *

Göründüyü kimi, proseslərin episentrində həqiqətən də Azərbaycandır. Bunun ölkəmizə, o cümlədən Qarabağ məsələsində hansı dividentlər gətirəcəyini yəqin ki, üzümüzə gələn həftə(lər)də biləcəyik.

Sonda əlavə edək ki, bir sıra analitiklər Suriyadan əsas hərbi qüvvələrini çəkdikdən sonra Rusiyanın diqqətini Ukrayna və Güney Qafqaza yönəldəcəyini təxmin etmişdilər. Hesab edilir ki, yaxın və orta perspektivdə Rusiyanın Qərblə (ABŞ, NATO ilə) maraqlarının ən çox toqquşa biləcəyi bölgələr məhz bunlardır.

İyulda NATO-nun növbəti sammiti keçiriləcək. Sammit ərəfəsində Qərb-Rusiya rəqabəti xüsusilə Güney Qafqaz, daha dəqiqi, Alyansa üzvlüyün 1-2 addımlığında olan Gürcüstandakı proseslər fonunda qabarıq görünür. Bölgə və ətrafında Qarabağ məsələsini də öz ağuşuna alan, hətta regionun təzədən şəkillənməsinə gətirə biləcək maraqlı proseslər başlayıb.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.