Bakıdan İsrailə yüksək vəzifəli diplomat getdi və sensasion bəyanat verdi
23-05-2016, 13:03
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ötən həftə İsraildə səfərdə olub.
Virtualaz.org İsrailin “The Jewish Press” agentliyinə istinadən xəbər verir ki, Əzimov Knessetin xarici işlər və müdafiə məsələləri üzrə Komitəsinin sədri Tsaxi Hanqebi (Likud partiyası) ilə görüşüb. Əzimovun Təl-Əvivdəki başqa rəsmi görüşləri barədə məlumat yoxdur.
Xəbərə əsasən Araz Əzimov Knessetin komitə sədri ilə görüşündə İsraillə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib. Agentlik qeyd edir ki, Azərbaycan İsraillə yüksək səviyyədə ikitərəfli strateji və iqtisadi tərəfdaşlığa malik olan çox az müsəlman ölkəsindən biridir.
“Görüş zamanı Əzimov qeyd edib ki, İran özünün nüvə ambisiyalarından əl çəkməyib, ancaq əlavə edib ki, Tehran özünün nüvə proqramlarının bəzi aspektlərini dayandırıb. Hər iki siyasətçi razılaşıb ki, İsraillə Azərbaycan arasında geniş spektrdə əməkdaşlığı parlamentlərarası iş və yüksək səviyyəli məsləhətləşmələrlə fəallaşdırmaq zəruridir”-agentlik bildirir.
Xəbərdə qeyd olunur ki, həm İsrail, həm Azərbaycan İranı potensial təhlükə kimi görür. Azərbaycan İranın islami nüfuzundan ehtiyatlanır, İran isə Azərbaycanın 13 milyon etnik azərbaycanlıya təsirindən çəkinir. Agentlik Azərbaycanla İsrail arasında milyardlarla dollarlıq silah anlaşmalarını da xatırladır.
Azərbaycan xarici işlər nazirinin müavininin İsrailə səfəri barədə Azərbaycan rəsmi KİV-ləri anons verməyib. Araz Əzimovun İranın nüvə proqramına dair verdiyi bəyanat sensasion hesab oluna bilər, çünki rəsmi Bakı bu məsələdə həmişə ehtiyatlı bəyanatlar verirdi.