Kəlbəcərdə yol tikintisinə tranş ayırılması xəbərinə - Dünya Bankından reaksiya
31-05-2016, 17:47
Dünya Bankının Kəlbəcərdə yol tikintisinə tranş ayırması ilə bağlı Ermənistan və yerli mediada yazılanlara bankdan aydınlıq gətirilib.
“Qafqazinfo” xəbər verir ki, Dünya Bankının saytında dərc olunan məlumata görə, Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi Layihəsi yalnız Ermənistan daxili həyati əhəmiyyətli yollarının bərpasını maliyyələşdirir:
“2009-cu ildə başlayan və Dünya Bankı tərəfindən maliyyələşdirilən Həyati Əhəmiyyətli Nəqliyyat Xətlərinin Təkmilləşdirilməsi Layihəsinin (LRNIP) əsas məqsədi 350 km uzunluğunda olan həyati əhəmiyyətli yolların bərpası sayəsində Ermənistanın kənd yerlərində yaşayan sakinləri üçün bazarlara və sosial xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasıdır. Layihənin ümumi məbləği 101.6 milyon ABŞ dollarıdır və bu layihə üçün Bank tərəfindən verilən son maliyyələşdirilmə 2015-ci ilin iyul ayında İdarə Heyəti tərəfindən təsdiq edilmiş 40 milyon ABŞ dolları məbləğində verilən əlavə maliyyə vəsaiti olub".
Qeyd edək ki, yerli mətbuatda “Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” başlığı ilə dərc olunan xəbərə Azərbaycan XİN-i də reaksiya vermiş, Ermənistan mətbuatından götürülmüş xəbərin təhrif edilmiş formada təqdim edildiyini açıqlamışdı. Nazirlik Martuni-Vardenis-Sotk yol xəttinin Ermənistan ərazisində yerləşdiyini və Dünya Bankının təxsis etdiyi tranşın bu yolun 6.5-11.1 km-nin bərpasına ayrıldığını vurğulamışdı.