"Nəyinə lazımdır ki, sosial şəbəkədə kimsə əleyhinə yazıbsa?!" - Fazil Mustafa
19-06-2016, 00:28
Bildiyiniz kimi, Fransada futbol üzrə Avropa çempionatı öz axarı ilə davam etməkdədir. Bu turniri Azərbaycanda da maraqla izləyənlər var. Səbəb isə çox sadədir. Çünki qardaş Türkiyə millisi də 8 illik fasilədən sonra qitə çempionatında iştirak edir. Lakin türklərin budəfəki çıxışı çoxlarının ürəyincə deyil. Baxmayaraq ki, rəqiblər güclü Xorvatiya və İspaniya milliləri olub, hamı haqlı şəkildə Türkiyənin meydanda göstərdiyi futbolu tənqid edir.
Ölkəmizdə tanınmış futbol azarkeşlərindən biri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır. Onun həm də Türkiyə millisinə azarkeşlik etdiyini bilib, Qaynarinfo.az Fazil bəyin fikirləyini öyrənib:
"Türkiyə yığması fiziki cəhətdən Avropa millilərindən geridə qalır. Üstəlik, bu millidə komanda oyunu adına bir şey yoxdur. Komanda uduza da bilər, ancaq ən azı sonadək müqavimət göstərməli, ümidini itirməməlidir. Bu komanda isə sanki uşaq bağçasından gəlib. "Bu sözü desək, bu uşağın xətrinə deyər, yeməyini yeməz, küsər" tipli fikir formalaşıb. Elə bil uşaqların yığnağıdır. Futbolçunu tamaşaçı tənqid də, hətta təhqir də edə bilər. Sən oyununu oynamalısan, bundan küsməməlisən. Mən ilk dəfədir ki, futbolda belə bir şey görürəm. Arda Turanın və digər futbolçuların tamaşaçıdan küsməsindən heç nə başa düşmədim. Hesab edirəm ki, baş məşqçi Fatih Terim də psixoloji cəhətdən çempionata hazır deyil. Məşqçi ötən oyundan dərs çıxarmaq, komandada nizam-intizam yaratmaq əvəzinə, sosial şəbəkədə özləri barədə yazılanları cavablandırmaqla məşğuldur. Sənin nəyinə lazımdır ki, sosial şəbəkədə kimsə komanda haqda əleyhinə yazıbsa?! Bu, futboldur, biri xoşlayar, digəri xoşlamaz. Demək istədiyim odur ki, komanda həm fiziki cəhətdən zəifdir, həm xarakter baxımından. Ən azı Albaniya, Uels kimi fədakar komanda deyil indiki Türkiyə".
2008-ci ildə Türkiyə millisi Avropanın 4 ən güclü komandası arasına düşməyi bacarmışdı. Maraqlıdır ki, onda da komandanın başında Fatih Terim dayanırdı. Üstəlik, o vaxt komandada "Barselona", "İnter", Dortmund "Borussiya"sı kimi nəhəng klublarda çıxış edən futbolçular yox idi. Ancaq 8 il əvvəl türklər daha yaxşı çıxışla hamını heyrətləndirməyi bacarmışdı. Bəs, elə isə dəyişən nədir?
"2008-ci ildə bu komandanın oyun tempini öldürmək kimi vərdişi yox idi. Fiziki cəhətdən daha hazırlıqlı idilər. İndi isə oyunda məsuliyyəti üzərinə götürüb fərqlənmək istəyən heç bir futbolçu yoxdur. Məsələn, mən Gökhan Törənin Fransaya gətirilməməsini mənfi hal kimi qəbul edirəm. O, risk edib məsuliyyəti üzərinə götürən futbolçulardandır. Səlçuk İnan niyə oynayır, mən anlamıram. Hakan Çalhanoğlu ümumiyyətlə zəif oynayır. Burak Yılmazı yığmaya çağırmağın nə mənası vardı? O, Çində oynayır, qol epizodlarından 10-dan 1-ni reallaşdırır, o da bəxtə-bəxtə. Olcay Şahanı meydana buraxıblar, o da son dəqiqələrdə zərbə vurmaqdansa, topu boşuna çölə atır. Bu adamlarda qətiyyən məsuliyyət hissi yoxdur. Həmişə Türkiyə emosional futbolla qalib gəlib. 2008-ci ildə Çexiya və Xorvatiyanın qapısına son dəqiqələrdə emosiya hesabına qol vurdular. İndi isə bundan da əsər əlamət qalmayıb. Ona görə də son turda türklərin Çexiya ilə oyunda bu şərtlər çərçivəsində hansısa xarüqələr yaratması mümkün deyil", deyə Fazil Mustafa bildirib.
Millət vəkili həmçinin turnirlə bağlı proqnozunu da açıqlayıb: "Mən əslində daha çox İtaliya çempionatını izləyirəm. Amma açığı, Avropa çempionatında Türkiyədən başqa, digər komandaya azarkeşlik etmirəm. İspaniya, İtaliya, Almaniya, hətta Polşanın oyunu xoşuma gəlir. Hansı komandanın oyunu xoşuma gəlirsə, ona daha çox simpatiya bəsləyirəm. Almaniyanın finalda İtaliya və ya İspaniya ilə oynayacağını, sonda çempion olacaqlarını proqnozlaşdırıram".