Millət vəkili: “Ölkəmizi tanıtmaq üçün “Formula-1” əla fürsətdir”

19-06-2016, 12:59           
Millət vəkili: “Ölkəmizi tanıtmaq üçün “Formula-1” əla fürsətdir”
Xalqımızı, ölkəmizi tanıtmaq, bura turist cəlb etmək üçün “Formula-1” doğrudan da əla bir fürsətdir.

Bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

O, qeyd edib ki, gözəl təbiətimiz var, dövlətimiz də göründüyü kimi, əlindən gələni etməyə çalışır ki, Azərbaycana üz tutanların sayı artsın.

“Bu yarışların ölkəmizdə keçirilməsində güdülən məqsəd nədir?

İyunun 7-də Berlində, Azərbaycan-Almaniya İqtisadi Forumundakı çıxışında cənab Prezident bu məsələyə də toxunmuşdu:

“Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək.

Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.

Ona görə xalqımızı, ölkəmizi tanıtmaq, bura turist cəlb etmək üçün “Formula-1” doğrudan da əla bir fürsətdir. Bəli, gözəl təbiətimiz var, dövlətimiz də göründüyü kimi əlindən gələni etməyə çalışır ki, Azərbaycana üz tutanların sayı artsın.

İndi hər şey sərhədçi, gömrükçü, otelçi, restorançı, bələdçi, taksiçi, xidmətçi və vətəndaş olaraq bizdən asılıdır.

Xalqımız haqqında təəssüratın özümüzdən başladığını düşünsək, ləyaqətli hərəkət etsək, mədəni davranmağı bacarsaq, qaz vurub qazan doldurmaq niyyətinə düşməsək, girəvəçilik psixologiyasından əl çəkə bilsək, təmizliyə diqqət yetirsək, əminəm ki, ölkəmizə indi “Formula-1”-ə baxmağa gələnlərdən qat-qat artıq turist gələcək” - deyə, o, bildirib.

Millət vəkili həmçinin əlavə edib ki, bu yarışmada onun ən çox maraqlandıran hansı pilotun birinci olacağı deyil, “Formula-1”-dən nə dərəcədə faydalanacağımızdır:

“Bir daha vurğulayıram, hamımızın yaxşı bildiyimiz çatışmayan tərəflərimizi aradan qaldıra, nəfsimiz üzərində qələbə çala bilsək, bu yarışmanın əsl Qran-pirisini Azərbaycan alacaq, biz alacağıq”.

//Gün.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.