Putin Qarabağla bağlı yeni plan hazırlayıb!
19-06-2016, 17:22
Sabah Rusiyanın Sankt-Peterburq şəhərində Qarabağa dair bir çox parametrlərinə görə kritik sammit keçiriləcək. Xəbər verildiyi kimi bu sammit Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində , ATƏT-in iştirakı olmadan baş tutur. Hərçənd ki, Minsk Qrupunun həmsədrləri Sankt-Peterburqda olacaqlar və danışıqların nəticələri barədə məlumatlandırılacaqlar. Müzakirələr əvvəlcə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanla ayrılıqda keçirdiyi görüşlərlə başlayacaq, daha sonra üçtərəfli formatda davam edəcək.
Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Müdafiə Nazirliyi bütün qoşun növlərinin iştirakı ilə təmas xəttinə yaxın poliqonlarda, o cümlədən Naxçıvanın Ermənistanla sərhədlərində irimiqyaslı hərbi təlimlərin başlayacağını elan edib. Təlimlərdə düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması da daxil olmaqla bir sıra döyüş vəzifələri sınaqdan keçirilməlidir. Təlimlər bu gün başlayır və iyunun 24-nə qədər davam edəcək. Azərbaycan ordusunun prezidentlərin Sankt-Peterburq görüşü ilə eyni vaxtda poliqonlara yeridilməsi Ermənistana xəbərdarlıqdır və Bakı nümayiş etdirir ki, əgər bu görüşdə münaqişənin nizamlanmasına dair real danışıqlar prosesi başlamasa və status-kvonu uzatmaq taktikası davam etdirilsə məsələnin silah yolu ilə həlli variantı gündəmə gələcək.
Prezident İlham Əliyev də bu görüş ərəfəsində mühüm bəyanatlarla çıxış edərək deyib ki, Azərbaycanın daha 20 il mənasız danışıqlara vaxt itirmək fikri yoxdur. “Əgər kimsə fikirləşirsə ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, ciddi səhv edir”-prezident bildirib.
Beləliklə, gözləmək olar ki, Sankt-Peterburqda kifayət qədər gərgin, hətta əsəbi müzakirələr olacaq. Eyni zamanda bu görüş aprelin əvvəllərində hərbi əməliyyatların dayandırılmasında olduğu kimi nizamlama prosesində də Rusiyanın hakim rolunu təsbit etmiş olur. Habelə gözlənilir ki, danışıqlar masasında Madrid prinsiplərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun redaktəsindən çıxmış son variantı olacaq.
“Alaco Dispatches” konsaltinq şirkətinin analitiki Conatan Melis bildirir ki, beynəlxalq birliyin diqqəti yeni qüvvə ilə Ermənistan və Azərbaycan arasında bundan sonrakı toqquşmaların dayandırılmasına yönəlsə də münaqişənin həlli perspektivi hələ də olduqca dumanlıdır. “İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşə baxmayaraq tərəflərdən heç biri sülh naminə güzəşt fikrini ağlına belə gətirmir”-müəllif yazır.
Melis qeyd edir ki, Rusiya diplomatik kanallarına yaxın mənbələr Sankt-Peterbuq görüşündə münaqişənin hərtərəfli nizamlanmasına dair proqramın qəbul ediləcəyini gözləyirlər.
“Bununla belə aydındır ki, istənilən razılaşma atəşkəs rejiminin möhkəmləndirilməsindən artıq heç nə olmayacaq”-analitik bildirir.
Müəllifə görə yüksək rütbəli diplomatlar tərəfindən göstərilən səylər münaqişə zonasında gərginliyin azaldılmasında şübhəsiz ki, müsbət rol oynadı. Ancaq hökumətlərin və xalqların güzəştlərə hazır olmadığı bir vaxtda real irəliləyi mümkün deyil.
Analitik hesab edir ki, münaqişənin nizamlanması perspektivlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında münasibətlərin xeyli pisləşməsi də zərbə vurub. Bu isə məsələnin nizamlanması üçün vahid cəbhə yaradılmasına imkan vermir.
“Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsi faktını da diqqətə almaq lazımdır, bu da Qarabağ nizamlanmasının maraqlarına uyğun deyil və imkan vermir ki, beynəlxalq birlik məsələnin vahid həlli variantı ilə çıxış etsin”-analitik qeyd edib. (Virtualaz.org)