MTN işinin 8 ayı - müəmma davam edir...

20-06-2016, 09:51           
MTN işinin 8 ayı - müəmma davam edir...
Eldar Mahmudovun həbs edilməsi və ölməsi xəbərləri dövriyyədə olsa da, sabiq nazirin ötən aylarda harada olduğu bilinmir, bilinməyən başqa məsələlər də var...
Ötən ilin ən müəmmalı olayının - Eldar Mahmudovun tutduğu postdan qəfil çıxarılması, ardından Milli Təhlükəsizlik Nazirliyində (MTN) həbslərin gerçəkləşməsindən 8 ay ötdü. Bu müddət ərzində MTN qurum olaraq ləğv olundu. Sabiq nazirin və komandasının çeşidli cinayətləri haqda mətbuatda bir neçə kitaba sığacaq qədər yazılar dərc edilib.

Son günlər mətbuatın gündəmini zəbt edən xəbər Eldar Mahmudovun ölümü ilə əlaqəli oldu. Yayıldığı andan təsdiqlənəcəyi şübhə altında olan xəbər geniş müzakirələrə yol açdı. Ölməsi xəbərinin yayılmasının E.Mahmudovun özünün marağında olması versiyası daha çox inandırıcı görünürdü.

8 ay ərzində bir neçə dəfə Eldar Mahmudovun həbs ediləcəyi xəbəri yayılıb. Lakin bu xəbərlər gerçəkləşməyib. Əvəzində Eldar Mahmudovun özünü mümkün həbsdən sığortaladığı haqda məlumatlar dövriyyəyə girib. İlk belə məlumat xaricdə nəşr edilən Azərbaycana heç bir aidiyyəti olmayan KİV-də üzə çıxdı. Sovet KQB-sinin Avropaya sığınmış qaçaq zabiti Yuri Şvets müsahibə verib Azərbaycanın maliyyə naziri Samir Şərifovu “üçqat agent” adlandırdı. Tez bir zamanda məsələdə E.Mahmudovun barmağının olması xəbəri də yayıldı. Bu həm də E.Mahmudovun geniş əlaqələrinin qalması anlamına gələn məlumat idi. Bu günlərdə isə sabiq MTN zabiti Ərəstun Oruclu E.Mahmudovun əlində 2 min 800 ifşaedici, müxtəlif vəzifəlilərin yataq səhnələri əks edilən videoların olduğunu açıqladı.



“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev 2800 video ilə bağlı “Yeni Müsavat”a çox maraqlı bir fikir söyləyib.

Sitat: “Bu informasiyanın sızdırılması o deməkdir ki, Eldar Mahmudov özünü sığortalayır”.

Başqa sözlə desək, bu gün E.Mahmudovun azadlıqda olmasını onun əlindəki kompromatlar təmin edir.

E.Mahmudov MTN-ə 11 ilə yaxın müddətdə rəhbərliyi dövründə topladığı komandanın əsas simaları bu gün həbsdədirlər. Amma onların başında dayanan şəxs isə azadlıqdadır. KİV-də yazılanlardan məlumdur ki, MTN binasında illərlə ən müxtəlif təbəqədən olan şəxslərə qarşı cinayət törədilib və bundan Eldar Mahmudovun xəbərsiz olması sadəcə, mümkün deyil. Bu məqamın özü də E.Mahmudovu həbsdən sığortalayan kompromatların olması ehtimalını gücləndirir.

Eldar Mahmudovun həbsi üçün istintaqda kifayət qədər materiallar da var. Həmin materialların olduğu istənilən qovluqdan birini götürüb bu günün özündə sabiq nazirə ittiham elan edə bilərlər. Belə görünür ki, bundan sonra yeni bir Yuri Şvetsin dünyanın hansısa ölkəsində üzə çıxıb bir açıqlama verməklə Azərbaycanı silkələmək, zəlzələ effektli məlumatları ictimailəşdirmək ehtimalı var.



Bu gün E.Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev həbsdədir. Aydındır ki, C.Hacıyevin çoxlu maliyyə fırıldaqları var.

C.Hacıyev mənimsədiyi iddia olunan milyonları qaytarıb, amma onu borcunu ödəyənlərdən fərqli olaraq azad etmirlər. C.Hacıyevin E.Mahmudovun girovuna çevrildiyi açıq şəkildə görünür. Əgər C.Hacıyev E.Mahmudovla deyil, başqa bir nazirlə quda olsaydı, bu gün həbsdə olardı?

Eldar Mahmudov müəmması 8 aydır ki, davam edir. Ortada çoxlu suallar, ehtimallar, şərhlər var.

Son məlumatlar isə bundan ibarətdir ki, Eldar Mahmudov nazir kreslosunu itirməsinin 8-ci ayının tamamında növbəti dəfə ürək krizi keçirib. Eldar Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilib. Məlum olub ki, sabiq nazirin təzyiqi qalxıb.

Sabiq nazir sığındığı bağ evində spirtli içkilərdən geninə-boluna istifadə edir.

Gununsesi.info bu xüsusda yazır ki, sabiq nazir içki düşkününə çevrilib. Sitat: “Onu tanıyanlar bilir ki, o hər zaman içkiyə meyilli adam olub. Son zamanlar isə içkinin sayını çoxaldıb. Demək olar ki, hər gün spirtli içki içir. Bu da onun səhhətində ciddi fəsadlar verir”.

Qeyd edək ki, 8 ay əvvəl MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 57 nəfər zərərçəkən müəyyən edilib. 57 nəfərin bəzilərinin kimliyi haqda məlumatlar var. Əsasən sahibkarlardan ibarət olan zərərçəkənlərin hədə-qorxu yolu ilə qanunsuz olaraq MTN təcridxanasında saxlamaqla əmlakları əllərindən alınıb. Aydındır ki, sahibkarların pulları, əmlakları geri qaytarılmalıdır. Onlara verilən işgəncələrə görə mənəvi təzminat ödənməlidir. Azərbaycan qanunları buna imkan verir.



Bu gün günahsız olaraq həbsxanada yatan, Eldar Mahmudovun komandasının qanunsuz əməlləri nəticəsində ora düşən sahibkarların, dindarların, bankirlərin yenidən məhkəməsi keçirilməli, onlara da bəraət verilməlidir. Ətrafındakı generallar, idarə rəisləri, müstəntiqlər 57 nəfər sahibkarı MTN-ə aparıb incidərkən, qanunsuz həbsdə saxlayarkən Eldar Mahmudov hara baxıb? Həmin qanunsuz əməllərə görə Eldar Mahmudov cavabdeh deyil? Cavabdehdirsə, niyə 8 aydır ki, sərbəstdir?

“MTN işi” üzrə istintaq davam edir. Mövcud qanunlara görə, istintaq 1 il 6 aya qədər uzana bilər. Bu müddət istintaqçılara ittiham bazasını fakt və dəlillərlə zənginləşdirmək üçün kifayət etməlidir. Bu müddət 1 il sonra, 2017-ci ilin aprelində bitir. Eldar Mahmudovun və müavinlərinin azı 1 il azadlıqda qalma şansları var. Bundan sonra isə onların aqibətlərinin necə olacağı konkretləşməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.