`5 rayon qaytarıla bilərdi...` - Prezidentlərin görüşünə şərh

22-06-2016, 00:34           

“Azərbaycan və Ermənistanın XİN rəsmiləri əgər Sankt-Peterburq görüşündən razı qalıblarsa, o zaman 5 rayonun geri qaytarılması prosesi reallaşmaq üzrədir. Amma hazırki durumda bu real görünmür.”

Bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini AzVision.az-a şərh edərkən deyib.

Politoloqun fikrincə, əgər XİN rəhbərləri açıqlamalarında həqiqətəndə səmimidirlərsə, mərhələli həll planının işə düşdüyünü, detalların razılaşdırılma mərhələsində olduğunu söyləmək olar.

“Bu reallaşarsa, ermənilər işğal etdikləri ərazilərindən qoşunları çıxarmağa başlayacaq. Bir sözlə, sülhyaratma prosesi başlayıb və Böyük Sülh Sazişi üzərində ciddi işlər getməyə başlayacaq”.



Q.Hüseynli, həmçinin bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın monitorinq sistemini möhkəmlətmək və ATƏT-in Minsk qrupunun müşahidəçilər şurasına daha 25 nəfərin əlavə edilməsini deməsi, Rusiya prezidenti Vladimir Putinin müşahidə sisteminə Kremlin nəzarət edəcəyi ilə bağlı mövqeyi yuxarıda söylədiyim fikirlərlə uyğun gəlmir. Ona görə də nazirlərin açıqlamasının nə dərəcədə doğru olub-olmaması haqqında müəyyən şübhələr yaranır”.

Ermənistan tərəfinin görüşü müsbət qiymətləndirməsinə gəlincə Q.Hüseynli deyib: “Ermənilərin ən çox narahat olduğu məqam Dağlıq Qarabağda müharibənin yenidən başlamasıdır. Artıq bununla bağlı tərəflər öz üzərlərinə öhdəlik götürüb. Ermənistan sevinir ki, Azərbaycan hələ bir müddət müharibəyə başlamayacaq”.

Politoloq qeyd edib ki, bundan sonra da prezidentlərin yeni görüşləri nəzərdə tutulur: “Yeni görüşə qədər ekspertlər işğal olunmuş ərazilərin boşaldılması istiqamətində nələrisə razılaşdıra bilərlər. Amma, bu, nələrdən ibarətdir, bu barədə fikir söyləmək çətindir. Problemin həllinə dair sənəd ortaya qoyulduğu deyilsə də, amma bu sənədin məğzində, mətnində nələrin olduğu bilinmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.