“Əvvəlcə, 7 rayon boşaldılsın, azərbaycanlılar geri dönsün”
22-06-2016, 17:04
“Əgər belə razılaşma əldə olunubsa, bu bizim üçün ideal variantdır. Bizim də istəyimiz odur ki, münaqişə mərhələli şəkildə həll olunsun. Əvvəlcə, 7 rayon boşaldılsın, azərbaycanlılar geri dönsün”.
Bunu “Qafqazinfo”ya açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əldə olunmuş razılaşmanın şərtlərini açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bundan sonra ermənilər istəsələr, orada kommunikasiya xətləri aça bilərlər: “Daha sonra azərbaycanlılar ermənilərlə referendum danışıqları aparacaq. Sadəcə, ermənilər bu illər ərzində həmişə arabanı atdan qabağa sürmək istəyirdilər. Bu da bizim maraqlarımıza cavab vermirdi. O zaman azərbaycanlılar Dağlıq Qarabağa qayıtsa da, müsbət məqam yenə də ermənilərin xeyrinə olacaqdı. İstənilən referendumunun nəticəsi bizə əvvəlcədən məlum idi”.
Politoloq razılaşmanın bu istiqamətdə əldə olunmasına optimist yanaşmır: “Görüş prezidentlər arasında keçirilib. Ora müşavirlər daxil olmayıb. Əgər bu istiqamətdə gələcək görüşlər gedəcəksə, bu maraqlarımıza uyğun olacaq. Bunun baş verməsi üçün də Rusiya hakimiyyəti Ermənistan prezidentinə təzyiq etməlidir. İnanmıram ki, Ermənistan prezidenti özbaşına rayonları boşlatmağa razı olduğunu desin və referendum sonraya saxlamağı təklif etsin. İllərdir bizə Ermənistan tərəfindən belə bir açıqlama gəlməyib. Sarkisyanın siyasi vəziyyəti də yaxşı deyil. O bilir ki, hər hansı güzəşt onun siyasi sonluğunu da yaxınlaşdıracaq. Ona görə də mən danışıqların bu istiqamətdə getməsinə şübhə edirəm.
Mən qorxuram ki, rayonların boşaldılması yenə də referendum tarixi ilə əlaqələndirilsin. Məsələn, 2011- ci ildə Kazan prinsiplərini Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev təklif etmişdi. Orada da 90 faiz təkliflər indi əldə olunan razılaşma kimi bizim xeyrimizə idi. Amma ora referendum tarixi ilə bağlı bənd salına bilərdi ki, bu da 95 faiz əldə olunmuş razılaşmaların üstündən böyük xətt çəkirdi. İndi də bu Kazan prinsiplərinin başqa formada masa üzərində müzakirəsindən söhbət gedirsə, açıq demək lazımdır ki, bu bizim xeyrimizə olmayacaq”.