Siyavuş Novruzovdan İqbal Ağazadəyə sərt cavab

23-06-2016, 09:51           
Siyavuş Novruzovdan İqbal Ağazadəyə sərt cavab
“Harada dairə boşaldısa, gedib oradan namizədliyi vermək ciddi siyasətçilər üçün anormal bir haldır”
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilər başa çatsa da, müzakirələr və mübahisələr davam edir.

Seçkilərdə 1 yer uğrunda 7 namizəd mübarizə aparıb, 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qalib elan edilib.

Ümid Partiyasının namizədi İqbal Ağazadənin isə 7,84 faiz səs yığdığı elan edilib. İ.Ağazadə nəticələrlə razılaşmır və seçkilərin YAP-ın namizədinin xeyrinə saxtalaşdırıldığını iddia edir. Onun açıqlaması isə mübahisəyə səbəb olub.

YAP icra katibinin müavini Siyavuş Novruzov namizədlərinin daha çox səs qazanmasına və ümumilikdə Ağdaşda keçirilən seçki ilə bağlı bildirmişdi ki, İqbal Ağazadənin həmin dairədən deputat seçilmə şansı sıfıra bərabər olub. Bu fikrin qarşılığında isə İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında Siyavuş Novruzovun seçki düşüncəsinin bu qədər olduğunu bildirərək, onun hələ “molotov kokteyli” ilə kotleti ayıra bilməməsini söyləmişdi.
İqbal Ağazadənin bu fikirlərinə Siyavuş Novruzov sərt cavab verib.

O, musavat.coma açıqlamasında bildirdi ki, Ağdaşda seçki azad, demokratik və ədalətli keçirilib: “Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi qələbə qazanıb. Namizədimiz həmin rayonda kifayət qədər tanınmış şəxs idi. 7 namizədin içərisində təxminən 19 min səs alıb. O rayonda 16 min nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Elə onların qohumları, dost-tanışı hərəsi özü ilə bir nəfər gətirdikdə, kifayət qədər səs eləyir. Bəzən görürsən ki, kimlərsə bir dairədən seçilməyəndə, gedib başqa dairədən namizədliklərini verirlər. Ümumiyyətlə bu, seçkidən başı çıxmayan adamların fəaliyyətidir. Bunlar seçki texnologiyasına uyğun olmayan addımlardır. Çünki seçkidə qələbə qazanmaq üçün ilk növbədə gərək tədqiqat aparasan, həmin yeri öyrənəsən. Yəni orada namizəd kimi görmək istəyirlər və digər bu kimi məsələləri öncədən araşdırmalısan. Bundan sonra ölçü götürüb, addım atmaq lazımdır. Yoxsa elə harada dairə boşaldısa, gedib oradan namizədliyi vermək ciddi siyasətçilər üçün anormal bir haldır. Bu baxımdan da hesab edirəm ki, orada bizim partiyanın namizədindən başqa heç bir ciddi siyasətçi yox idi. Bu səbəbdən də nəticə gözlənilən idi”.

S. Novruzov deyib ki, çıxış edəndə hər kəsin dili sürüşə, hansısa sözü səhv deyə bilər: “İqbal Ağazadə etikadan kənar fikirlər işlədib. Birincisi, əgər sözün varsa, seçkiyə aid münasibətini bildir. İkincisi, hər bir siyasətlə məşğul olan adam tutarlı faktlar ortaya qoymalıdır. İqbal Ağazadənin, ümumiyyətlə, Azərbaycan ictimai-siyasi həyatından danışmağa haqqı yoxdur. Hamının yadındadır ki, 2003-cü ildə prokurorlara və digər strukturlara öz silahdaşlarının üzünə duran kifayət qədər ifadə verib. Onların həbsinə şərait yaradan da İqbal Ağazadə olub. Bunu edən adam siyasətlə də məşğul ola bilməz. Bir silləyə silahdaşlarının üzünə duran adam başqasında nöqsan axtarmamalıdır. Dünyanın hər bir yerində, Türkiyədə, Amerikada və digər yerlərdə hətta dövlət başçıları belə hansısa sözü çaşaraq səhv deyirlər. Olur da, dil sürüşməsidir. Bu adi bir hal kimi qəbul olunur. Ancaq partiya yoldaşının üzünə durmaq, onu həbs etdirmək çox ciddi və qəbul olunmayan haldır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.