Metyu Miller: ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün işləməyə davam edəcək

9-08-2023, 11:13           
Metyu Miller: ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün işləməyə davam edəcək
ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün tərəflərlə işləməyə davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə Turan agentliynin sualının cavabında bildirib.

“Biz həmin ölkələrlə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, o bildirib.

Turan agentliyinin müxbiri həmçinin Metyu Millerdən dövlət katibi Blinkenin türkiyəli həmkarına ötən şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşub.

“Mən bu barədə ətraflı danışmaq istəmirəm - bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”, Miller deyib.

Xatlırlatma

İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.

“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.

ABŞ dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.