Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıqları məhsuldar adlandırıb

16-10-2023, 12:38           
Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıqları məhsuldar adlandırıb
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Ər-Riyadda görüşünün çox məhsuldar keçdiyini bildirib.

Blinken bunu rəhbərlik etdiyi nümayəndə heyətinin qaldığı otelə qayıdarkən Reuters agentliyinin müxbiri ilə söhbətində bildirib.

Rəsmilərdən biri bildirib ki, görüş bir saatdan az davam edib və vəliəhdin şəxsi iqamətgahında baş tutub.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, dövlət katibi Birləşmiş Ştatların HƏMAS-ın hücumlarının dayandırılması, bütün girovların azad edilməsi və münaqişənin genişlənməsinin qarşısının alınmasına verdiyi əhəmiyyəti vurğulayıb.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, danışıqlar zamanı “mülki əhalinin müdafiəsi və Yaxın Şərqdə və onun hüdudlarından kənarda sabitliyin təmin edilməsinə dair birgə öhdəliklərini təsdiqləyiblər”.

Blinken bundan əvvəl Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhanla görüşüb. Görüşdən əvvəl dövlət katibi münaqişənin hər iki tərəfində mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb.

İsraildə HƏMAS-ın hücumları və İsrailin Qəzzaya zərbələr endirməsindən sonra regiona səfər edən ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanından sonra Misirə səfər edir. Onun Misirdə də yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcəyi gözlənilir.

Blinken Yaxın Şərq ölkələrinə turnesinə İsraillə başlayıb. ABŞ Dövlət katibinin bazar ertəsi yenidən İsrailə gedəcəyi bildirilir.

Blinkenin Yaxın Şərqə səfəri ABŞ-ın mövcud münaqişənin yayılmasının qarşısını almaq üçün göstərdiyi intensiv diplomatik səylərin tərkib hissəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.