Sadiq İsabəyli: Kütləvi həbslərə qarşı ciddi etiraz etməsək, İran höküməti basqı siyasətini daha da gücləndirəcək

19-02-2024, 11:34           
Sadiq İsabəyli: Kütləvi həbslərə qarşı ciddi etiraz etməsək, İran höküməti basqı siyasətini daha da gücləndirəcək
Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə keçən bir neçə ay ərzində təhlükəsizlik qüvvələrinin İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə həyata keçirdiyi kollektiv həbsləri şərh edib.

İsabəyli müsaihəbədə həmçinin İranda keçən ildən bəri şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün tətbiq olunan layihələr haqqında danışıb.


Kçən təqribən 6 ay ərzində İranın təhlükəsizlik qüvvələri bir neçə mərhələdə İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində çox sayda milli fəalı kollektiv şəkildə nəzarət altına alıblar.

“Bu gün bizim milli-mədəni fəallarımızın fəaliyyət sahələri bəllidir. Dilimizi istəyirik. Milli hüquqlarımızı, mədəni hüquqlarımızı istəyirik. Ancaq, bu rejim basqıçı bir rejim olduğuna görə bu haqları vermək yerinə zaman zaman fəalları həbs edir. Uzunmüddətli həbslərlə bərabər işgəncələr və sürgünlər də olur,” siyasi fəal söyləyir.

İran Azərbaycanında həbs edilən siyasi fəallardan daha ikisinin adları yayılıb
O, deyir ki, son aylardakı kütləvi həbslər xüsusilə tanınmış fəallara qarşı hökumətin bir planının olduğunu göstərir:

“Bu son zamanlarda sentyabr ayından başlayaraq iki dalğalı kütləvi həbslərin aparılması və Güney Azərbaycanın ayrı-ayrı şəhərlərindən tutulan insanların Tehranın Evin həbsxanasına köçürülüb, orada bunlara qarşı ittihamların irəli sürülməsi və ya işgəncələrin tətbiq olunması göstərir ki, rejimin milli hərəkatımıza qarşı və milli-mədəni fəallarımıza qarşı ciddi planları var. Özəlliklə də tanınan insanlarımıza qarşı.”

Sadiq İsabəyli hesab edir ki, kütləvi həbslərə qarşı ciddi etirazlar nümayiş etdirilməsə, hökümət basqılarını daha da gücləndirə bilər.

“Əgər buna qarşı bizim ümumilikdə milli hərəkat olaraq həm daxildə həm xaricdə ciddi etirazlarımız olmasa, planlı şəkildə iş aparmasaq, bu rejim bununla durmayacaq və çalışacaq ki, milli fəallarımıza qarşı o basqıçı siyasəti daha da gücləndirsin”, deyə, o bildirib.

Şahin Xiyavlı: Video-mesaj kampaniyaları ilə İran hakimiyyətinin haqsız-hüquqsuz həbsləri ifşa olunur
İsabəyli əlavə edib ki, “görünür ki, rejim öz siyasi və təhlükəsizlik baxışı əsasında çalışır ki, milli hərəkatın içində öz ağlınca bir kontrol mexanizmi yaratsın. Bu istiqamətdə də sistemli şəkildə kütləvi həbslər həyata keçirir... Fəalların tutulmasında rejimin neçə mesajlı yanaşması var. Biri budur ki, çalışırlar milli-mədəni fəaliyyətlərimizin mahiyyətini ləkələsinlər və hərəkatın müstəqil milli-mədəni hüquqlar uğrunda aparılan bir fəaliyyət olmadığını göstərsinlər. Buna görə də, bir sıra ittihamlar səsləndirirlər və çalışırlar bu fəaliyyətləri xarici ölkələrə bağlasınlar.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.