Aleksey Navalnının ölümü ilə bağlı Avropa İttifaqı adından Ali Nümayəndənin bəyanatı

20-02-2024, 18:03           
Aleksey Navalnının ölümü ilə bağlı Avropa İttifaqı adından Ali Nümayəndənin bəyanatı
Avropa İttifaqı rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölüm xəbərindən hiddətlənib ki, buna görə son nəticədə məsuliyyət prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşür. Bu gün Xarici İşlər Şurasının iclasında onun həyat yoldaşı Yuliya Navalnaya, övladları, ailəsi, dostları və ölkəsinin rifahı naminə onunla birgə çalışan hər kəsə dərin hüznlə başsağlığı verdik.

Rusiya onun qəfil ölümünün şərtləri ilə bağlı beynəlxalq səviyyədə müstəqil və şəffaf araşdırmanın aparılmasına icazə verməlidir. Aİ öz tərəfdaşları ilə sıx əməkdaşlıq etməklə Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini cavabdehliyə cəlb etmək üçün hər cür səy göstərəcək; o cümlədən sanksiyalar vasitəsilə əməllərinə görə onları hesab ödəməyə məcbur edəcəkdir.

Bütün dünyada insanlar Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün toplaşırlar. Rusiyada hakimiyyət bir sıra yerlərdə eyni halın qarşısını almağa çalışıb və bir neçə yüz nəfər saxlanılıb. Onlar dərhal azad edilməlidir.

Rusiya Federasiyasının tərəfdar çıxdığı Kimyəvi Silahlar Konvensiyasına əsasən qadağan olunmuş sinir iflici yaradan maddə “Noviçokun” istifadəsi ilə sui-qəsd cəhdindən sonra cənab Navalnı cəsarətlə Rusiyaya qayıtdı. O, bir neçə siyasi motivli cəzaya görə Sibirdə ciddi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdi ki, məqsəd onu dünyanın qalan hissəsindən təcrid etmək idi. Onun ailəsi ilə əlaqə saxlamaq imkanları məhdudlaşdırılmışdı. Vəkilləri təqibə məruz qalıb, onlardan üçü 2023-cü ilin oktyabrından məhkəməyə qədər həbs edilmişdir.

Avropa İttifaqı onun zəhərlənməsini və siyasi və antikorrupsiya fəaliyyətinə görə ona qarşı qəbul edilmiş bütün siyasi motivli qərarları dəfələrlə kəskin şəkildə pisləyib və qeyd-şərtsiz dərhal azadlığa buraxılmasın tələb edib. Aİ, o cümlədən Moskvada hakimiyyət orqanlarına uğursuz müraciətlər etməklə, dəfələrlə Rusiyanı onun təhlükəsizliyini və sağlamlığını təmin etməyə çağırıb.

Cənab Navalnı bütün həyatı boyu inanılmaz cəsarət, ölkəsinə və həmvətənlərinə sədaqət göstərərək və qətiyyət nümayiş etdirərək, bütün Rusiyada korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edib və bununla da ölkə sakinlərinin çoxunu öz tərəfinə çəkib. Buna görə də Putin və onun rejimi xüsusən də Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsi kontekstində və mart ayında keçiriləcək prezident seçkiləri ərəfəsində ondan qorxurdu.

Cənab Navalnının gözlənilməz və hər kəsi sarsıdan ölüm xəbəri Rusiyada artan sistematik repressiyaların daha bir əlamətidir. Avropa İttifaqı bir daha Rusiyanı Yuri Dmitriyev, Vladimir Kara-Murza, İlya Yaşin, Aleksey Qorinov, Liliya Çanışeva, Kseniya Fadeeva, Aleksandra Skoçilenko və İvan Safronov da daxil olmaqla, bütün qalan siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.(Turan)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.