İsrailə hücumlardan sonra İranda əhval-ruhiyyə necədir?

16-04-2024, 09:37           
İsrailə hücumlardan sonra İranda əhval-ruhiyyə necədir?
İran ilk dəfədir ki, İsrailə birbaşa, öz torpaqlarından hücüm etdi.

İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun müttəfiqləri və bölgədəki yerli dəstəkçiləri arasında etibarını qoruması üçün bu hücum çoxları tərəfindən çox vacib hesab edilib.

İranın bu hücumla öz iradəsiylə bərabər, raket və pilotsuz uçuş aparatlarının tutumunu göstərməyi hədəflədiyi də müzakirə mövzusudur.

45 il əvvəl ölkənin islamçı sistemini müdafiə etmək və nizami silahlı qüvvələrə qarşı balans məqsədiylə qurulan İnqilab Keşikçiləri Korpusu o vaxtdan İranda və regionda böyük hərbi, siyasi və iqtisadi gücə çevrilib.

Şənbə gecəsi baş vermiş hücumdan sonra İran İslam Respublikasının çox sayda dəstəkçisi Fələstin bayraqları ilə Tehrandakı şənliklərdə iştirak edib.
İran hökumətini dəstəkləyən 20 yaşlarında olan bir qadın BBC Farscaya göndərdiyi səsli mesajda deyir ki, o, “Suriyada və başqa yerlərdə daha çox iranlı hərbçinin öldürülməsinin qarşısını almaq üçün İsrailə hücumun doğru qərar olduğuna inanır”.

Lakin İran İslam Respublikasını tənqid edən bir çox iranlı hakimiyyətin bütün İran xalqının fikirlərini təmsil etmədiyini bildirir.

40 yaşlarında bir kişi BBC Farscaya “Biz İslam Respublikası deyilik, biz gerçək İranıq. İranlıların özləri mövcud rejimlə müharibə vəziyyətindədir. İsrail də daxil olmaqla, heç bir xalqla düşmənçiliyimiz yoxdur” deyir.

50 yaşlarında başqa bir qadın isə hücumun regional bir müharibəyə çevrilərək İran, İsrail və qərbli müttəfiqləri arasında genişmiqyaslı bir münaqişəyə yol açacağından naharatlığını dilə gətirir.

Bu əhval-ruhiyyə İran valyutasının ABŞ dollarına nisbətən daha da ucuzlaşmasında da müşahidə olunub.
Qisas qorxusu: Uzun növbələr və çaxnaşma
Hücumdan sonra iranlıların İsrail və müttəfiqlərinin qisas alacağından qorxması şənbə günü gecəsi küçələrdə çaxnaşma yaradıb. İran xalqı ərzaq və yanacaq kimi ilkin tələbat mallarından ehtiyat toplamağa başlayıb.

Tehran və digər böyük şəhərlərin yanacaqdoldurma məntəqələrində uzun növbələr olub, supermarketlər alıcılarla dolub.

İsrail öz torpaqlarına atılan 300 raket və PUA-ların 99 faizini uğurla zərərsizləşdirdiyini iddia edir. Amma buna baxmayaraq, İran rəsmiləri bu hücumun uğurlu olduğunu deyir və onun konkret zərərindən çox simvolik təsirini vurğulayır.

İranın Baş Qərargah rəisi Məhəmməd Bağeri İsraildəki hədəflər arasında iki həftə əvvəl İranın Dəməşqdəki konsulluğuna İnqilab Keşikçiləri Korpusunun yeddi komandirinin ölümü ilə nəticələnən hücumlarda İsrailin F-35-lərinin uçduğu Notam Hərbi Hava Qüvvələrinə məxsus bazanın olduğunu da açıqlayıb.

Bağeri İranın məqsədinə çatdığını və əməliyyatları davam etdirmək niyyətində olmadığını iddia edib. İran Prezidenti İbrahim Rəisi mümkün yeni hücumlara çox daha sərt cavab verə biləcəkləri barədə xəbərdarlıq edib.

Görünən odur ki, İrandakı əhval-ruhiyyə gərginliyi azaltmağa və nəbzi düşürməyə yönəlib. Həm hərbçilər, həm də hökumət rəsmiləri şənbə gecəsi hücumundan məmnun görünür.

Belə hiss olunur ki, müdafiə tədbirləri üçün İsrailə kifayət qədər vaxt verən İranın daha artıq zərər və ya itki vermək niyəti yoxdur.
Qanunilik böhranı
Bir çox iranlı İran İnqilabı Keşikçiləri Korpusunun bölgəyə müdaxiləsinin əleyhinədir. İranda keçirilən son etirazlarda “Qəzzaya yox, Livana yox, İran üçün canımı fəda edərəm” kimi şüarlar geniş yayılıb. Bir çox iranlı iddia edir ki, xaricdə milislərin təşkili, təlimi və silahlandırılması üçün xərclənən milyardlarla dollar onların ölkələrinin inkişafına daha yaxşı sərmayə ola bilər.

İranın bölgəyə müdaxiləsi ölkəni sanksiyalara və təcridə məruz qoyub, iqtisadiyyatı iflic vəziyyətinə salıb. İnflyasiyanın sürətlə artması ilə iqtisadiyyat da büdrəyir. İranın orta təbəqəsi də getdikcə dolanışığını təmin etməkdə çətinlik çəkir.

İrandan gələn səslər xüsusi ilə müharibə məsələsində mövcud hakimiyyətin xalqın çoxluğundan dəstək görmədiyinə işarə edir.

Bu, 1980-ci illərdə Səddam Hüseyn hakimiyyətinə qarşı İranla edilən 8 illik müharibə vaxtı müşahidə olunan həmrəyliyin əksidir.

İran-İraq müharibəsində yaralanmış bir qazi hökumətə və müxalifətçilərə yönəlmiş təzyiqə qarşı olduğunu bildirir. O, qətiyyətlə “Bir daha onlar üçün döyüşmərəm” deyir.

Hakimiyyətin siyasəti keçmiş dəstəkçilərinin də fikirlərini və mövcud mənzərəni gözəçarpacaq dərəcədə dəyişdirib.

İranın Livan, Suriya və İraqdakı şiə milislərlə Yəməndəki husilərdən aldığı güclü dəstəklə daha ağır raket və PUA hücumları təşkil etmək imkanı var. Lakin İsrailə qarşı ən az itki verməyin şüurlu bir seçim olduğu anlaşılır.

Müharibə vaxtlarında İran İslam Respublikası təkcə İsrailin və nəhəng müttəfiqi ABŞ-ın gücü ilə yanaşı, daxildəki başqaldırmalardan da narahat olur.
Məhsa Əmininin polisdə saxlanıldıqdan sonra vəfatından bəri başlayan 2022-ci il etirazları hakimiyyətin kövrəkliyini vurğuladı.

İran İslam Respublikasının bir çox yüksək vəzifəli dövlət rəsmiləri və qərarverici şəxsləri İsrail və ABŞ-la mümkün müharibə vəziyyətində İran təhlükəsizlik qüvvələri ilə İnqilab Keşikçilərinin komanda və rabitə mərkəzlərinin hədəfə alınmasının etirazları yenidən alovlandıra və müxalifləri həvəsləndirə biləcəyindən ehtiyat edir. Ancaq hakimiyyət ehtimal olunan üsyana nəzarət etməyi hədəfləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.