Müharibə genişlənərsə, Azərbaycan İrandan miqrant axınını qəbul etməyə hazırdırmı? - AÇIQLAMA

17-04-2024, 00:06           
Müharibə genişlənərsə, Azərbaycan İrandan miqrant axınını qəbul etməyə hazırdırmı? - AÇIQLAMA
Aprelin 14-nə keçən gecə İranın İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücumundan sonra İsrail dövləti İrana qarşı cavab tədbirləri planı hazırlayır. Bunun İran-İsrail münaqişəsinin daha da genişlənməsinə səbəb olacağı gözlənilir. Belə olan halda İranda yaşayan azərbaycanlıların ölkəmizə axını gözlənilirmi? Azərbaycan dövləti milyonlarla miqrant axınını qəbul etməyə hazırdırmı?

Mövzu haqqında politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Politoloq bildirib ki, “hal-hazırda İsraildə İrana hücum edib-etməmək müzakirə edilir. İndi iki variant var: ya müvəqqəti atəşkəs olacaq, ya da İsrail İrana növbəti hücumlar həyata keçirəcək.

Əgər İsrail-İran müharibəsi başlasa və şiddətlənərsə, bu, sözsüz ki, regionda Avrasiyaya və Cənubi Qafqaza təsir edəcək. Çünki İsrail İranı zəiflətməyə və onu nüvə fəaliyyətindən əl çəkməyə məcbur etmək istəyir. İranın mərkəzdənqaçma meylini gücləndirməyə çalışır. Belə getsə, İranda sosial problemlər daha da ağırlaşacaq və Suriya variantı işə düşə bilər. Suriyadan 13 milyona yaxın qaçqın Türkiyəyə axın etdi.. Bir ölkə müharibə vəziyyətində olduqda, əsas yük qonşu dövlətlərinin üzərinə düşür. Çünki qaçqın axını ilə üzləşirlər”.

Politoloq əlavə olaraq bildirib ki, “təbii ki, Azərbaycanın İranla quru sərhədi bağlı olsa belə, biz müharibədən xilas olmaq istəyən soydaşlarımıza qapılarımızı bağlaya bilməyəcəyik. Bu baxımdan bunun Azərbaycana bu cür təsirləri ola bilər. Və hər halda hesab edirəm ki, İranda sistemin dəyişdirilməsi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan istiyər ki, İranda normal rejim olsun və Azərbaycana qarşı siyəsət yürüdülməsin. Azərbaycanla təkcə sözdə deyil, əməldə də əməkdaşlıq etməyə çalışsın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.