Millət vəkili İranda parlamentin yeni hökumətlə koordinasiyalı fəaliyyət göstərəcəyini deyir

25-07-2024, 18:14           
Millət vəkili İranda parlamentin yeni hökumətlə koordinasiyalı fəaliyyət göstərəcəyini deyir
Şərqi Azərbaycan vilayətində yerləşən Bostanabad şəhərinin millət vəkili və parlament rəyasət heyətinin üzvü Qulamrza Nuri Qızılca, mətbuata verdiyi müsahibəsində hazırkı məclisə “rasionallıq və balans”ın hakim olduğunu bildirib və "bir neçə nəfərin məclisin işini poza bilməyəcəyini" vurğulayıb.

Bostanabad millət vəkili İLNA xəbər agentliyi ilə müsahibədə əlavə edib ki, "12-ci parlamentin 14-cü hökumətlə davranışı məntiqli və rasional olacaq."

O, Məsud Pezeşkianın hökuməti dövründə "kölgə hökuməti"nin fəaliyyəti ilə bağlı narahatlıqlar barədə bildirib ki, “Kölgə hökumətinin ölkənin problemlərinin həlli üçün təklif və tənqidlər irəli sürməsi həm hökumət, həm də cəmiyyət tərəfindən müsbət qarşılanacaq. Amma əgər məqsədi başqa bir şey olub, hökumətin işinə mane olmaq və gələcək seçkiyə yönəlik fəaliyyət göstərmək olarsa, cəmiyyət bunu qəbul etməyəcək."

Son seçki kampaniyası zamanı Səid Cəlili tərəfdarları tərəfindən “Kölgə Hökumət” ifadəsi istifadə olunurdu. Əslində, Səid Cəlili 2013-cü ildə keçirilən prezident seçkilərində uğursuz olduqdan sonra, seçilmiş hökumətin fəaliyyətini izləmək və tənqid etmək, alternativ təkliflər və həll yolları təqdim etmək üçün kölgə hökuməti qurduğunu açıqlamışdı. Bəzi siyasi fəallar Səid Cəlilinin kölgə hökumətinin Məsud Pezeşkian hökumətinin fəaliyyətinə mane olacağından və parlamentdəki nüfuzundan istifadə edərək hökumətin qətnamələrinin qarşısını alacağından narahatdırlar.

Nuri Qızılca, seçilmiş prezidentin də keçmişdə məclis üzvü olduğunu vurğulayıb və hökumət kabineti ilə məclis arasında koordinasiyanın mümkün olduğunu bildirib.

"Parlament nəzarətçi rolunu qoruyub saxlayacaq və lazım gələrsə, xəbərdarlıqlar edəcək. Amma heç bir halda hökumətin işinə mane olmaq səviyyəsinə gəlməyəcək," - deyə millət vəkili əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.