Evin həbsxanasında saxlanılan milli fəal Araz Əmanın məhkəmə iclası keçirilib

25-07-2024, 18:54           
Evin həbsxanasında saxlanılan milli fəal Araz Əmanın məhkəmə iclası keçirilib
Azərbaycanlı siyasi fəal Araz Əmanın məhkəmə iclası bu gün, iyulun 24-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində keçirilib.

Təbriz Səsi Telegram kanalının yaydığı xəbərə görə, Tehran İnqilab Məhkəməsində milli fəal Araz Əman Zeynabad haqqında ittihamnamə oxunub.

Həmin xəbərə görə, Kəşfiyyat Nazirliyinin bu milli fəala qarşı qaldırdığı ittiham aktında bu fəalın adını Yaqubdan Araza dəyişdirməsi və milli fəal mərhum Əziz Purvəlinin dəfn mərasimində iştirak etməsi də gündəmə gətirilib.

Məhkəmə iclasında hakim Salavati milli fəalı casusluqla ittiham edərək, bu ittihama qarşı özünü müdafiə etməsini istədiyi bildirilir.

Bu azərbaycanlı fəala qarşı casusluq ittihamının təfərrüatları barədə və cinayət nümunəsi haqda ətraflı məlumat yoxdur.

Bununla belə, Evin həbsxanasında saxlanılan digər azərbaycanlı məhbuslara qarşı da casusluq ittihamları irəli sürülüb. Həmin fəallar bu və bənzər ittihamların əsassız olduğunu bildiriblər.

Kəşfiyyat Nazirliyinin agentləri, Evin həbsxanasında saxlanılan milli fəallara qarşı hazırladıqları ittiham aktında, onların uzun illər əvvəl apardıqları dinc fəaliyyətləri əsas götürərək müxtəlif ittihamlar irəli sürüblər.

Araz Əman fevralın ilk həftəsində İranın müxtəlif vilayətlərində çoxlu sayda azərbaycanlı fəalla eyni zamanda həbs edilərək Evin həbsxanasına köçürülən fəallar sırasındadır. O, 6 aya yaxındır ki, Evin həbsxanasında saxlanılır və zaminə buraxılmasına mane olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.