Azı 14 media təmsilçisi builki Milli Mətbuat Gününü həbsxanada qeyd edib

25-07-2024, 17:43           
Azı 14 media təmsilçisi builki Milli Mətbuat Gününü həbsxanada qeyd edib
Bu həftə Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub və 2023-cü ilin noyabrından bəri həbs olunmuş azı 14 nəfər media təmsilçisi mətbuatın 149 illiyini həbsdə qeyd edib.

Onların əksəriyyəti qaçaqmalçılıqda ittiham olunurlar. Bu şəxslər isə öz həbslərini peşə fəaliyyətilə əlaqələndirirlər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevdən "haqsız yerə həbsdə olan" jurnalistləri və media nümayəndələrini azad etməyə çağırıb.

Cənab Əliyev isə onların Azərbaycan qanunlarını pozduqlarını deyib və bildirib ki, ölkə öz qanunlarını qoruyur.

Sərhədsiz Reportyorlar Təşkilatının 2024-cü il mətbuat azadlığı indeksində Azərbaycan 13 pillə geriləyərək, 180 ölkə arasında 164-cü olub.

Azərbaycan hakimiyyəti isə ölkədə medianın azad və müstəqil olduğunu bildirir.

Milli Mətbuat Günü
Azərbaycanda Milli Mətbuatın əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub.

Azərbaycan milli mətbuatının yaranması maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır.

Zərdabinin nəşr etdirdiyi “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb.

“Əkinçi” qısa müddətdə mövcud olmasına rəğmən, Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyub.
P.S Mən bura müstəqil jurnalist Cəmil Məmmədlinidə əlavə edərdim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.