Avropa Parlamentinin bir qrup deputatı Qubad İbadoğluna qarşı cinayət işinə xitam verilməsinə çağırır
21-09-2024, 11:04
Avropa Parlamentinin Sosialistlər və Demokratlar qrupuna daxil olan fransalı deputatlar Azərbaycan hakimiyyətini iqtisadçı alim Qubad İbadoğluna qarşı cinayət işinə xitam verməyə çağırıb.
“Biz şəffaflığın və korrupsiyaya qarşı mübarizənin mətin müdafiəçisi olan cənab İbadoğlunun Azərbaycan hakimiyyətinə qarşı tənqidi səsini susdurmaq məqsədi ilə irəli sürülən ədalətsiz ittihamdan dərin narahatlığımızı bildiririk”, Avropa Parlamenti üzvləri vurğulayıblar.
Fransalı deputatlar Strasburqda bu həftə baş tutan plenar iclas çərçivəsində İbadoğlunun qızı Jalə Bayramova ilə görüşüblər və ötən həftə 53 yaşını qeyd edən iqtisad elmləri doktoruna qarşı ittihamlara xitam verilməsinə, ona qarşı səyahət qadağasının aradan qaldırılmasına çağırıblar.
Parlamentarlar bu görüşün Qubad İbadoğlu ilə yanaşı Azərbaycanda digər siyasi məhbusların dramatik vəziyyətini, hüquq müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı məhkəmə təqiblərini xatırlamağa imkan verdiyini bildirib, insan hüquqları pozuntularını “ən sərt şəkildə” pislədiklərini bildiriblər.
“Biz Qubad İbadoğluna və Azərbaycanda demokratiya uğrunda apardıqları mübarizənin əvəzini azadlığı ilə ödəyən hər kəsə ədalət tələb edirik”, bəyanatda qeyd edilir.
Avropa Parlamenti üzvləri həmçinin Avropa İttifaqına və üzv ölkələrin hökumətlərinə çağırış edərək noyabrda Bakıda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində insan hüquqları məsələsinin gündəliyə salınmalı olduğunu bildiriblər.
Parlamentin iki ən böyük qrupundan biri olan Sosialistlər və Demokratlar qrupunun Fransadan və Almaniyadan olan deputatları oktyabr ayında keçiriləcək plenar iclasda Azərbaycandakı repressiyaları pisləyən qətnaməyə çağırış ediblər.
Sentyabrın 18-də Avropa Parlamentinin Yaşıllar/Azad Avropa Alyansı (Greens/EFA) siyasi qrupu azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunu builki Saxarov Mükafatına namizəd göstərdiyini açıqlayıb.
“Builki Saxarov mükafatına azərbaycanlı akademik, antikorrupsiya fəalı və qalıq yanacaqlar sənayesi tənqidçisi doktor Qubad İbadoğlunun namizədliyini irəli sürməkdən qürur duyuruq. Bakının qalıq yanacaqlar sənayesinin tənqidçilərinə qarşı qeyri-insani rəftarına qlobal diqqət lazımdır”, Yaşıllar qeyd edib.
Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılılıb, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. İbadoğlu ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı yerli və beynəlxalq çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğluna qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalara çağıran iki qətnamə qəbul edib.
Parlament İbadoğlu ilə yanaşı digər siyasi məhbusların da azad edilməsinə çağırıb.
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin aprel ayında qəbul etdiyi qətnaməsini “obyektivlikdən uzaq” və Azərbaycana qarşı “qərəzli siyasi aksiya kimi” qiymətləndirdiyini vurğulayıb.