Hüquq-müdafiə təşkilatı Azərbaycanda siyasi məhbusların yeni siyahısına 319 nəfərin adını daxil edib

Bu gün, 15:14           
Hüquq-müdafiə təşkilatı Azərbaycanda siyasi məhbusların yeni siyahısına 319 nəfərin adını daxil edib
Sentyabrın 23-də "Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.

Həsənov Amerikanın Səsinə bildirib ki, əvvəlki siyahı dərc edildikdən sonra ona "dindarlar" kateqoriyasına iki nəfərin - Alik Aslanov və Elşən Abbasovun adı çıxarılıb.

Bununla yanaşı, siyahıya 18 yeni siyasi məhbus əlavə olunub.

Xüsusən, narkotik haqqında iş üzrə mühakimə olunmuş Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışov, gənc iqtisadçı Fazil Qasımov, gənc tədqiqatçı alimlər Bəhruz Səmədov və İqbal Əbilov, həmçinin keçmiş diplomat Emin İbrahimov siyahıya daxil edilib. Bundan başqa, siyahıya daha 13 dindarın adı əlavə olunub.

Həsənovun sözlərinə görə, siyahıdakı 319 siyasi məhbus 10 qrupda təsnif edilib. İki yeni qrup əlavə təsis edilib.

Belə ki, "Milli azlıqlar" qrupuna bu yaxınlarda həbs edilmiş İqbal Əbilovla yanaşı, talış etnik azlığının daha əvvəl başqa kateqoriyalarda siyahıya daxil edilmiş daha iki nümayəndəsi - bloger Aslan Qurbanov və Ruslan Vahabov daxil edilib. "Müharibə əleyhinə fəallar" adlı yeni qrupa isə Bəhruz Səmədov və Emin İbrahimov aid edilib.

"Jurnalistlər və blogerlər" qrupunda 18 nəfər, "Hüquq müdafiəçiləri" qrupunda 3 nəfər, "Müxalif partiya və ictimai təşkilatların üzvləri" qrupunda 30 nəfər var.

"Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" qrupunda əvvəlki kimi 5 nəfər, ""Tərtər işi" ilə əlaqədar həbs edilənlər" qrupunda 7 nəfər, "Gəncə işi" ilə əlaqədar həbs edilənlər" qrupunda 13 nəfər, "Ömürlük məhbuslar" qrupunda 11 nəfər var.

Ən çoxsaylı qrup "Dindarlar" qrupu olaraq qalır, burada artıq 227 siyasi məhbusun adı var.

Xatırladaq ki, bundan öncə bu il iyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların siyahısını açıqlayıb. Həmin siyahıya 303 nəfərin adı daxil edilmişdi.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları zamanı Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

“Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, mətbuat xidməti bildirib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.