Respublikaçılara meylli Nevada “tərəddüdlü ştat”a necə çevrildi
17-10-2024, 16:08
ABŞ-da bütün gözlər 2024-cü il prezident seçkilərinin nəticəsini müəyyən edəcək “mübarizə meydanı” adlandırılan yeddi ştatdadır. Onlardan bəziləri illər ərzində bir neçə dəfə siyasi meylini dəyişsə də, ölkənin qərbində “tərəddüdlü ştat” Nevada bu və ya digər böyük partiyaya güclü meyl göstərmir. Amerikanın Səsinin müxbiri Dora Mehkvarın Las Veqasdan reportajını təqdim edirik.
3,1 milyon insanın yaşadığı Nevada, yəqin ki, ən məşhur şəhəri – “Günahlar şəhəri” kimi bilinən Las Veqas ilə tanınır.
“Onlar bir az paradoksaldır. Demək istədiyim odur ki, onlar müəyyən mənada liberal ştat kimi görünür, çünki bura, səbəb olmadan boşanmaya icazə verən ilk ştat idi. Müəyyən dairələrdə qumar oyunları var, fahişəliyə icazə verilir, lakin bəzi məsələlərdə çox, çox mühafizəkarlıq da var”, Arizona Dövlət Universitetindən Tom Reyli bildirib.
Nevada 1960-cı illərin sonundan 2000-ci illərin əvvəllərinə qədər davamlı olaraq Respublikaçılara səs verib. O vaxtdan bəri ştat müntəzəm olaraq iki siyasi partiya arasında qalıb.
Nevada ştatının əhalisi 1980-ci ildən bəri üç dəfədən çox artıb. Yeni gələnlərin çoxu əsasən liberal Kaliforniyadandır.
“Belə bir şey baş verdi - Las-Veqasın yerləşdiyi Klark dairəsi indi bu ştatda səs verən əhalinin 72%-ni təşkil edir. Beləliklə, Nevadada baş verən budur ki, vaxtilə kənd tipli dağ-qərb ştatından şəhər tipli qərb-sahil ştatına çevrildi”, Nevada Universitetindən Ken Miller bildirib.
“Veqas var, sonra Nevadanın qalan hissəsi var. Və mənim bildiyimə görə, Veqas daha çox Demokratları dəstəkləyir, Nevada ştatının qalan hissəsi isə daha çox Respublikaçılardır. Ancaq yenə də əhalinin çoxu Veqasdadır” – deyə, Nevada sakini Devid Kardenas qeyd edib.
Əhali artımına baxmayaraq, Nevadada çox sayda sakin fiziki işlərlə məşğul olan işçi sinfi olaraq qalır.
“Əmək haqqı, işsizlik kimi şeylər, daşınmaz əmlak əlçatanlığı kimi şeylər, və sadəcə ümumilikdə inflyasiya. Yanacaq qiymətləri kimi şeylər, bütün bunlar Nevadadakı insanlara digər ştatlardan bir az daha çox təsir edir”, Ken Miller bildirib.
Las-Veqasdakı Nevada Universitetində kollec tələbələri əsas problemlərindən danışıblar. Bəziləri 18 yaşına çatdıqları üçün ilk dəfə səs verəcəklər.
“Əsas abort və iqtisadiyyat. Başqa nə? Bir də təhsil”, Nevada sakini Samanta Adame bildirib.
“İqtisadiyyatın vəziyyəti. Yəqin ki, sərhəd”, Nevada sakini David Kardenas deyib.
“Mən bir növ kasıb kollec uşağıyam. İstərdim, sadəcə olaraq istərdim ki, yemək almaq imkanımın daha yaxşı olsun. // Mən bütün ehtiyaclarımda mənə kömək edəcək qədər maaş verən tək bir işə sahib olmaq istərdim”, Nevada sakini Çarlz Deyvis bildirib.
Noyabrda keçiriləcək ümumi seçkilərdə nevadalılar da abort hüququnun ştat konstitusiyasına daxil edilib-edilməməsinə səs verəcəklər.
“Ümumilikdə bu problem əvvəlki seçkilərdə də fəallığın böyük təkan mənbəyi, böyük motivatoru olduğunu artıq sübut edib. Və düşünürəm ki, bu dəfə də fərqli olmayacaq”, Nevada Qadın Araşdırma İnstitutundan Rebekka Gill bildirib.
Yenə də Miller deyir ki, heç kim sabiq prezident Donald Trampın Nevada ştatında qalib gəlmə şansını aşağı qiymətləndirməməlidir.
“Düşünürəm ki, Tramp son iki dəfə qalib gəlmədiyi üçün Nevada ştatında qalib gələ bilməyəcək namizəd kimi qəbul edilir. Mən bu ştatda seçicilər üçün iqtisadi məsələlərin qərar verməyə təsiretmə gücünün əhəmiyyətini azaltmazdım”, o bildirib.
Nevada ştatının “mübarizə meydanı” kimi kritik rolu həm prezidentliyə namizədlərin – həm Trampın, həm də vitse-prezident Kamala Harrisin burada vaxt keçirmələrinin səbəbidir. Çünki, son nəticədə, Veqasda baş verənlər yaxın dörd il ərzində Amerikaya kimin rəhbərlik edəcəyini müəyyən edə bilər.