Con Padesta: ABŞ COP29-da uğurlu nəticə əldə etməyə sadiqdir

12-11-2024, 17:34           
Con Padesta: ABŞ COP29-da uğurlu nəticə əldə etməyə sadiqdir
Noyabrın 11-də ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mətbuat konfransı keçirib.

O, qlobal istiləşmə, istixana qazllarının azaldılması, ABŞ-ın iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığından və Amerikada son prezident seçkilərinin iqlim əməkdaşlığına təsirlərindən danışıb.

Podesta bəyan edib ki, ABŞ qlobal tərəfdaşları və digər tərəflərlə birlikdə işləməyə davam edəcək.

“COP tərəqqimizi möhkəmləndirmək və temperaturu 1,5 dərəcə aşağı saxlamaq üçün kritik bir fürsətdir. Bütün istixana qazlarının azaldılması istiqamətində irəliləyişi sürətləndirmək üçün əsas şərt iqlimin maliyyələşdirilməsi üzrə qlobal əməkdaşlığı gücləndirməkdir. Biz işləmək üçün buradayıq və COP29-da uğurlu nəticə əldə etməyə sadiqik”, o qeyd edib.
Onun fikrincə, ABŞ-da yeni adminisrasiya formalaşacaq və bu halda da iqlim dəyişikliyinin qarşısını almaq üçün ABŞ-ın öhdəliyi qalır və inamla davam edəcək.

“Üzləşdiyimiz təhlükələr getdikcə daha fəlakətli olur, amma reallıq budur. Birləşmiş Ştatlar demokratik dövlətdir və demokratiyada xalqın iradəsi üstünlük təşkil edir”, müşavir deyib.

Con Padesta ABŞ-dakı seçkilərə işarə edərək bildirib ki, planet uğrunda mübarizə bir ölkədə bir seçkidən daha böyükdür.

“Çünki biz hamımız dünyanın hər bir ölkəsində iqlim böhranı ilə qarşılaşırıq. İyulun 22-də ən isti gün olub. Sürətlə istiləşən planetdə yaşamağın nəticələri təkcə mərcan riflərinin dağılması və buz təbəqələrinin əriməsi deyil, bu problem bizi hər yerdə əhatə edir. İnsanların həyatına dağıdıcı təsir göstərir. Bu payızda Helen və Milton qasırğaları ABŞ-nin cənub-şərqini vurdu, yüzlərlə insanı öldürdü və həftələrlə icmalarda elektrik və suyun verilməsində fasilə yarandı. Afrikanın cənubunda onilliklərin ən pis quraqlığı 20 milyon uşağı qida çatışmazlığı və hətta aclıq təhlükəsi ilə üz-üzə qoyur”, müşavir bildirib.

O deyib ki, böyük şirkətlərin əksəriyyəti emissiyalarını azaltmaq öhdəliyini götürüblər.

“Həddindən artıq metan hasilatı üçün neft və qaz hasilatçılarından rüsum tələb edən sistem yaratmaqla bağlı qaydalarımızı yekunlaşdırmaq ərəfəsindəyik. Bu, məncə, irəliləyiş əldə etməyimizə təkan verəcək. Bizim Mərkəzi Asiyada güclü qlobal tərəfdaşlığımız var. Düşünürəm ki, sabah bu haqda Azərbaycan tərəfindən bəzi fikirlər eşidəcəksiniz. Buna görə də hələlik bu haqda çox danışmayacağam”, o qeyd edib.

O, çıxışı zamanı COP29-un Prezidenti, nazir Muxtar Babayevin rəhbərlik etdiyi Azərbaycan komandasının gərgin əməyinə və peşəkarlığına şahidlik etdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.